XƏBƏR

Payızda ən çox yayılan xəstəliklərdən biri - Viruslu konyunktivit

date 22 Oktyabr 2020

Payızda ən çox yayılan xəstəliklərdən biri - Viruslu konyunktivit

Payız və qış aylarında havaların soyuması ilə bir çox xəstəliklərin rast gəlmə tezlikləri artır. Belə xəstəliklərdən biri də viruslu konyunktivitlərdir. Konyunktivit göz alması və göz qapaqlarını daxildən örtən selikli qişanın iltihabıdır.

Bunu e-tibb.az-a oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva bildirib.

Mütəxəssis bildirib ki, konyuktivit infeksion, bakterial, virus, allergik mənşəli olmaqla qruplara bölünür. İmmun sistemin zəifləməsi fonunda ortaya çıxan viruslu konyunktivitlərə məhz bu fəsildə daha çox rast gəlinir: “Yüksək yoluxuculuğu ilə seçilən epidemik keratokonyunktivit törədicisi adenovirusun 50-dən çox serotipi var. Bu virus  adenovirus konyunktivit yaxud farinqo-konyunktivial “qızdırma” hallarını da törədir”.

A.Əliyeva qeyd edib ki, belə vəziyyət yuxarı tənəffüs yolları iltihabı, qulaqətrafı limfa düyünlərinin şişməsi, qızdırma və baş ağrısı əlamətləri ilə müşahidə olunur: “Yaxud sadalanan əlamətlərdən sonra adenovirus konyunktivit başlayır. Bu etiologiyalı konyunktivit ən azı 2 həftə davam edir. Xəstəlik ilk 3 gündən sonra kəskinləşir.

Epidemik keratokonyunktivit həm konyunktiva, həm də buynuz qişa zədələnməsi ilə keçdiyinə görə daha ağır klinikalı olub, 3-4 həftə davam edir. Xəstəlik kontakt yolla yayılır, lakin hava-damcı yolu ilə də keçmə ehtimalı var.
Hər iki halda gözlərdə qızartı, qaşıntı, gözdə “yad cisim” hissi, sulanma, qapaqlarda ödem müşahidə olunur. Əvvəl bir göz, bir neçə gün sonra isə ikinci gözdə yaranır.
Epidemik keratokonyunktivitin II mərhələsində klinikaya buynuz qişa zədələnməsi qoşulur”.

Onun sözlərinə görə, məhz bu mərhələdə görmədə zəifləmə ortaya çıxır. Buynuz qişada yaranmış nöqtəvari infiltratlar (“ləkələr-bulanma”) uzun müddətdə sorulur. Bəzən ağırlaşma kimi ortaya çıxan bu ləkələr, gözdə quruluq, zəif görmə 1 il ərzində keçib gedir.

Oftalmoloq bildirib ki, gözlərin müalicəsinə  bəzən sistemik müalicə də əlavə olunur. Pasientlərdən maksimal şəxsi gigiyenaya, izolyasiyaya riayət etmək və səbr tələb olunur. Eynək istifadəçiləri xəstəlik periodunda eynəkləri hər gün yumalı, linza istifadəçiləri xəstəlikdən öncə istifadə etdikləri linzalarını atmalı, sağalanadək qəti linza istifadə etməməli, damla flakonları gözlərə toxunmamalı, hər dəfə istifadə olunan salfet yaxud pambıq parçası tullanmalı, hər dərman damladılması prosesindən sonra əllər sabunla yuyulmalı, pasientlər şəxsi əşyalarını ailə üzvlərindən ayırmalı və hər gün yeniləməlidirlər. Bu xəstəliyə yoluxmamaq üçün isə immun sistemi qorumaq, gücləndirmək, gigiyenada diqqətli olmaq lazımdır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR