BLOQ

Pandemiya dövrünün Kompüter tomoqrafiya “epidemiyası”

date 22 İyul 2020

Pandemiya dövrünün Kompüter tomoqrafiya “epidemiyası”

Niyə hamı kompüter tomoqrafiyası müayinəsindən keçmək istəyir? 

Hazırda “COVID-19” pandemiyası ilə yanaşı, yeni bir epidemiya da yaşanmaqdadır- kompüter tomoqrafiya epidemiyası.

Koronaviruslu xəstə ilə təmasda olmuşam, evə gedə bilmirəm...

Yaxınlarımı yoluxdurmaqdan qorxuram...

Rahat olmaq istəyirəm...

Təcili olaraq KT müayinəsindən keçmək istəyənlərdən bu cür arqumentlər eşitmək mümkündür. Bir az öskürək, qızdırma, halsızlıq bəs edir ki, dərhal döş qəfəsinin KT müayinəsi tələb edilsin. Əlbəttə, pandemiya dövründə insanların narahatlığını başa düşmək çətin deyil. Amma KT müayinəsinə insan özü qərar verə bilməz. Koronaviruslu xəstə ilə təmasda olan şəxslər üçün təsdiqlənmiş protokollarda sözügedən şəxslərə KT məsləhət görülmür. Koronaviruslu xəstə ilə təmas mütləq yoluxma olacaq demək deyil.  

Nəzərə almaq lazımdır ki, yüngül gedişatlı xəstəliklərdə KT-nin nəticəsi müalicəni dəyişmir. Bu halda 2 il ərzində təbiətdən alınan radiasiya dozasını 5 dəqiqədə almaq nəyə lazımdır?

KT müayinəsi hansı hallarda təyin olunur?

KT müayinəsini həkimlər xəstələrə xüsusi hallarda və ehtiyac olduqda təyin edirlər. Hətta KT-də ağciyərlərin “təmiz” görünməsi belə, sizin virusa yoluxmadığınız və ya xəstə olmadığınız anlamına gəlmir. Xəstəlik yeni başlamış ola bilər və ya bəlkə də yalnız yuxarı tənəffüs yollarını əhatə etməkdədir.

Koronavirus yoluxmasından şübhələndikdə nə etmək lazımdır?

Əgər özünüzdə xəstəlik əlamətləri hiss edirsinizsə, KT üçün xəstəxanaya gedib digər pasiyentləri və tibbi personalı yoluxdurmayın. Getdiyiniz yerlərdə zəif, yaşlı, hamilə, onkoloji xəstəliyi olan insanlar var. Necə ki, yaxınlarınızı yoluxdurmaqdan qorxursunuz, eləcə də, digər insanları qorumaq lazımdır. Hər birimiz xəstəliyin yayılmaması üçün sosial məsuliyyət daşıyırıq. Belə hallarda ilk atacağınız addım KT-dən keçmək deyil, özünüzü izolyasiya edib 103 və ya sahə müalicə müəssəsinə zəng etmək olmalıdır.

Koronavirusa yoluxmanın KT vasitəsilə müəyyən edilməsi

KT müayinəsi koronavirus pnevmoniyasının təsdiqlənməsi üçün əhəmiyyətli müayinələrdən hesab edilir. Koronavirusa yoluxma zamanı ağciyərlərdə görünən dəyişiklik əsasən "buzlu şüşə" effektidir. Fəqət "buzlu şüşə"yə tək koronavirusa yoluxma zamanı deyil, virus pnevmoniyaları və qeyri-infeksiyoz hallarda da rast gəlinə bilər. Hazırda tənəffüs yolu xəstəliklərinin mövsümü deyil. Buna görə də, pasiyentdə digər əlamətlər də müşahidə edildikdə, görünən "buzlu şüşə"nin koronavirusla bağlı olma ehtimalı yüksək hesab edilir.

Radioloqların üzərinə düşən əsas vəzifə ağciyərlərdəki dəyişikliklərin koronavirus əlamətlərinə nə qədər yaxın olması və ağciyərlərin nə qədər zədələndiyini dəqiq söyləməkdir. Müşahidələr göstərir ki, nə qədər çox ağciyər toxuması zədələnirsə, xəstəlik bir o qədər ağır gedişatlı olur. Ağır gedişatlı xəstələrə mütləq xəstəxana şəraitində nəzarət olunmalıdır. KT müayinəsinin nəticələri müalicə prosesində həkimlərə çox kömək edir. Həkimlər “buzlu şüşə” effektli görüntünü deyil, xəstəni müalicə edirlər. Yəni koronaviruslu xəstələrdə risk faktoları, qan analizi, qanda oksigen doyumluluğu və s. kimi dəyərlərə də baxılır.

Profilaktik tədbirlər

Görünən budur ki, “COVID-19” hələ bir müddət də insanları narahat edəcək. Bu problemin həlli yolları tapılanadək hər birimizin əsas hədəfi özümüzü və ətrafımızdakı insanları maksimum qorumaq olmalıdır.

Müşahidələr göstərir ki, çəkisi çox olan insanlar xəstəliyi daha ağır keçirir. Çalışmaq lazımdır ki, çəki normal olsun. Diabet (şəkər), hipertenziya (təzyiq) və s. kimi xəstəliklər varsa, onların müalicəsi ilə ciddi məşğul olmaq lazımdır. Ağciyərlərdə tam açılmayan hissələri yüngül idman, yoqa tənəffüs hərəkətləri ilə açmaq olar. Siqareti mütləq atmaq və ya kəskin şəkildə azaltmaq tələb olunur. 

Unutmayaq ki, maska 60%, sosial məsafə isə 90% yoluxma riskini azaldır. Əl-üzü sabunla tez-tez yumaq, ağız və burnu tez-tez su ilə yaxalamaq lazımdır. Bolluca su-maye içmək, meyvə-tərəvəzdən çox istifadə etmək də profilaktik tədbirlərə aiddir. İmmuniteti artıran müalicələr barədə isə birmənalı şəkildə qərar vermək çətindir. Onların effektivliyi elmi cəhətdən sübut olunmayıb.

 Xəstəliyin ağırlaşmaması üçün nə etmək olar?

“COVID-19”a hər orqanizm fərqli reaksiya verir. Bəzi pasiyentlər müalicə dövrünü ağır, bəziləri yüngül keçirir. Orqanizmin reaksiyasını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Pasiyentlər sadəcə, həkimlərin yazdığı protokol müalicəyə əməl etməli və öz vəziyyətləri barədə həkimi daim məlumatlandırmalıdırlar. Antibiotik və virus əleyhinə ağır preparatları özbaşına qəbul etmək olmaz. Müalicə həkim təyinatı üzrə aparılmalıdır. 

Sağlamlıq böyük nemətdir. Sağlam olun!

*Koronavirus haqqında daha ətraflı məlumat üçün https://koronavirusinfo.az saytına baş çəkə bilərsiniz.

Fazil Zeynalov-Radioloq, Uzman həkim

E-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR