XƏBƏR

“Öskürək, hərarət müşahidə edən kimi mütləq həkimə müraciət edin” - Baş həkimdən ÇAĞIRIŞ – VİDEO

date 20 Fevral 2020

“Öskürək, hərarət müşahidə edən kimi mütləq həkimə müraciət edin” - Baş həkimdən ÇAĞIRIŞ – VİDEO

"İstər yaşlı əhali, istərsə də azyaşlılar arasında kəskin respirator xəstəliklərin əlamətlərini müşahidə edən kimi mütləq həkimə müraciət etmək lazımdır".

Bunu e-tibb.az-a video açıqlamasında Bakıdakı 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasının baş həkimi Mehriban İsayeva deyib.

O, kəskin respirator xəstəliklərin əsas əlamətlərinin öskürək, yuxarı tənəffüs yollarından selik axıntısı və temperaturun yüksəlməsi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, kəskin respirator virus infeksiyaları istər yuxarı, istərsə də aşağı tənəffüs yollarını zədələyir. Orqanizmin immun cavabından asılı olaraq xəstəliyin gedişatı dəyişir.

Mütəxəssis deyib ki, qrip digər kəskin respirator virus infeksiyalarından nibətən ağır gedişatına görə fərqlənir. M. İsayeva qeyd edib ki, hazırda bütün dünyada, o cümlədən Azərbaycanda əsasən mövsümi qriplərdən A və B tipləri sirkulyasiya edir: “Bunlar mövsümi qriplərdir, əsasən yüngül gedişatlı olur. Amma çox nadir hallarda uşaq əhalisi arasında və xronki xəstəliklərdən əziyyət çəkənlərdə, şəkərli diabeti, ürək problemi, yüksək təzyiqi olanlarda bir qədər ağır formada keçə bilər. Ona görə də qripin, kəskin respirator virus infeksiyalarının əlamətlərini hiss edəndə, uşaqlarda belə əlamətləri müşahidə edəndə mütləq qaydada həkimə müraciət etmək, ixtisaslı yardım almaq lazımdır”.

Mütəxəxsis, həmçinin virus infeksiyalarından qorunmaq yolları barədə tövsiyələr də verib.

Ətraflı videoda tanış ola bilərsiniz.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR