XƏBƏR

Öd daşları nədən yaranır?

date 12 Yanvar 2021

Öd daşları nədən yaranır?

Bu gün ən geniş yayılan sağlamlıq problemlərindən biri də öd daşı xəstəliyidir. İnsanların çoxunda öd daşı aşkarlanır. Uzun illər öd daşı ilə yaşayanlar, bunu təsadüfü müayinə nəticəsində bilənlər də çoxdur. Bəzən isə öd daşı kəskin ağrı turmaları ilə özünü büruzə verir. Bəs öd daşları nədən yaranır?

e-tibb.az bununla bağlı ümumi cərrah, Mərkəzi Gömrük Hospitalının həkimi Kamram Beydullayevin fikirlərini təqdim edir:  

Öd daşlarının yaranma səbəbini 3 qrupa bölmək olar: metabolik, infeksion və öd durğunluğu.

Metabolik səbəb: Ödlə çoxlu miqdarda suda həll olmayan xolesterol maddəsi ifraz olunur. Xolesterolun suda həll olmasını, onun öd duzları və fosfolipidlərlə birləşməsi nəticəsində əmələ gələn və mitsella adlanan strukturlar təmin edir.

Mitsella strukturların suda həll olmayan yağ hissələri daxili tərəfdə, su xoşlayan hissələri isə kənar sərhədlərdə düzülür və belə quruluşu sayəsində bu strukturlar suda həll olur.

Ödün tərkibində xolesterolun miqdarı onları həll edə biləcək vəziyyətə gətirən öd duzları və fosfolipidlərdən çox olduqda, öd kristalları əmələ gəlməyə başlayır. Bu cür öd həddən artıq doymuş və ya litogenik öd adlanır. Yaş artdıqca, qadın cınsındə, artıq çəkisi olan insanlarda və bəzi dərmanların təsirindən ödün tərkibində olan xolesterolun miqdarı arta bilər. Eyni zamanda bəzi təsirlərdən xolesterolun həll olmasını asanlaşdıran öd duzları və fosfolipidlərin miqdarı azala bilər. Məsələn, estrogen qəbulu buna səbəb ola bilər.

Bu vəziyyətlərin hamısı öd daşlarının əmələ gəlmə riskini artırır. Buna baxmayaraq, bu şərtlər olan bir xeyli insan var ki, onlarda öd daşları yaranmır. Bu da o deməkdir ki, öd daşlarının yaranması üçün başqa şərtlər də vardır. Hemoliz olan xəstələrdə piqment daşları əmələ gəlir.

Hereditary Spherocytos, oraqvari hüceyrə anemiyası, talassemiya, malyariya xəstəlikləri və ürəkdə olan protezlər səbəbindən qırmızı qan hüceyrələrinin parçalanması bu vəziyyəti yarada bilir.

Piqment daşlar həm də öd yolları daralmalarında əmələ gələ bilər. İnfeksion səbəb: Daş əmələ gəlmə prosesində infeksiyanın rolu tam aydın deyil. Adətən xəstələrdən götürülmüş daşlar steril olur. Amma bir sıra öd daşlarının mərkəzində mikroblar aşkarlana bilir. Helikobakter Pilori bakteriyasının antigeni tərkibində daş olan bir sıra öd kisələrində tapılmışdır. Öd durğunluğu: Bəzi vəziyyətlərdə öd kisəsinin yığılma qabiliyyəti azalır.

Bunlara hamiləlik dövründə esterogen səbəbindən və trunkal vaqotomiya (azan sinirin kəsilməsi) zamanı baş verən vəziyyətləri misal göstərmək olar. Bu vəziyyətlərin hamısında öd daşının rastgəlmə ehtimalları yüksəkdir. Uzun müddət parenteral qidalanmada (xəstə ağızdan deyil, damardan qidalanır) olan xəstələrdə öd daşları tez-tez rast gəlinir. Ağızdan qida qəbulunun azalması 12 barmaq bağırsağın selikli qişasından ifraz olunan və öd kisəsinin yığılmasına səbəb olan xolesistokinin adlanan maddənin ifrazını azaldır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR