MÜSAHIBƏ

Narkoloji Mərkəzin direktoru: “İncəsənət xadimləri, idmançılar da bizə müraciət edir” - MÜSAHİBƏ

date 9 Aprel 2019

Narkoloji Mərkəzin direktoru: “İncəsənət xadimləri, idmançılar da bizə müraciət edir” - MÜSAHİBƏ

Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri Lalenin ONA-ya müsahibəsi

- Araz həkim, ötən il Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verildi. Mərkəzdə hansı yeniliklər baş verib, nələr dəyişib?

- Sabunçu rayonunda yerləşən Mərkəzin yeni binası 4 korpusdan ibarətdir. Müəssisədə xəstələr üçün 300 çarpayılıq yer ayrılıb. Respublika Narkoloji Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıqlar və lazımi dərman preparatları ilə tam təmin edilib. Mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir. Ən əsası, havası təmizdir. Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən Mərkəzdə göstərilən xidmətlərin daha yüksək səviyyəyə çatdırılması barədə tapşırıqlar verilib. 

- Mərkəzdə təhlükəsizlik tədbirlərinə də nəzarət qənaətbəxşdirmi?

- Mərkəzin əvvəlki binasında müşahidə edilən çatışmazlıqlar tam aradan qaldırılıb. Burada daha yaxşı şərait yaradılıb. Yanğın təhlükəsizliyi, o cümlədən digər təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Təhlükəsizlik tədbirlərinə ciddi nəzarət edilir.

- Mərkəzin girişində “Xəstə qəbulu yalnız şəxsiyyət vəsiqəsi əsasında aparılır” elanı diqqətimizi çəkdi. Sənədsiz qəbul olmaq istəyənlərin sayı çoxdurmu ki, belə bir elana zərurət yaranıb?

- Qeyd etdiyiniz məsələ ilə bağlı çox böyük problemlər yaşamaqdayıq. Xəstə sənədi olmadan tələb edir ki, məni Mərkəzə qəbul et, mən müalicə olunmaq istəyirəm, vəssalam. Min bir bəhanə gətirirlər, biri deyir sənədimi itirmişəm, biri deyir sənədim polisdədir, o biri deyir sənədim məhkəmədədir. “Yox” cavabı verəndə də asayişi pozur, qarşıdurma yaratmaq istəyirlər. Digər tərəfdən, xəstənin qohumları zəng edirlər ki, evdə hər şeyi qırıb-dağıdır, gəlin aparın. Axı bizdə təcili yardım xidməti yoxdur. Bunu da bizə irad bildirirlər. Bu işlə hüquq-mühafizə orqanları, məhkəmələr məşğul olur. Bunlardan başqa, xəstə könüllü şəkildə Mərkəzə gəlir, 3 gün müalicə olunur və sonra çıxıb gedir. Arqumenti də belə olur ki, artıq sağalmışam. Biz də xəstəni buraxanda qohumları bizi təhqir edir, hədələyirlər. Mərkəzdə 300 çarpayılıq yer var. 300-dən çox xəstəni qəbul edə bilmərik.

- Cəmiyyətdə belə bir fikir hökm sürür ki, narkotik vasitə istifadəçiləri müalicə olunsalar belə, bu pis vərdişdən uzaqlaşa bilmirlər. Narkoloji asılılıqdan tam azad olunmaq mümkündürmü?

- Burada çox vacib psixoloji məqam var. Narkotik asılılığı olan insanlar müalicə prosesi keçdikdən sonra narkotik maddələrdən uzaqlaşırlar. Lakin onlar narkotik maddə istifadə etdiyi məqamları, narkotikin onlara yaşatdığı hisləri, həzz dəqiqlərini unuda bilmirlər. Narkomaniyanın elə mərhələsi var ki, oradan geri qayıtmaq qeyri-mümkündür. Bu, ölümlə nəticələnən mərhələdir. Yəni insan orqanizmində, daxili orqanlarda geri dönməyən dəyişikliklər baş verir. Ancaq başqa hallarda narkotik asılılığından tam xilas olmaq mümkündür.

- Narkotik vasitə istifadəçilərinin müalicəsi zamanı onların əl-qolunun bağlanılmasına toxunmaq istərdik. Bu iş necə həyata keçirilməlidir?

- Əgər xəstə təhlükəlidirsə, müalicə zamanı dərman vasitələri effektiv nəticə vermirsə, qanunvericilik xəstəni fiksasiya etməyə, yəni onun fiziki aktivliyini məhdudlaşdırmağa imkan verir. Bunun üçün xüsusi köynəklər var. Xüsusi mələfələrlə müalicə olunan narkotik vasitəçilərini yatağa fiksasiya etmək olar. Bəzi hallarda bu, yeganə çıxış yoludur. Lakin bu zaman xəstənin yanında tibb bacısı, sanitar olmalı, ona xüsusi nəzarət edilməlidir.

- “Azərbaycanda narkomaniya cavanlaşır, narkotik istifadəçilərinin sayı artır” kimi fikirləri tez-tez eşidirik. Bu fikirlərlə razısınızmı?

- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 32 minə yaxındır. Bütün dünyada narkomaniyanın yaşı cavanlaşır və cavanlaşacaq da. Bu, dünyada gedən bir tendensiyadır. Bəs narkomaniya niyə cavanlaşır? Bunun səbəblərinə nəzər salmaq lazımdır. Narkotik maddələrə əlçatanlıq xeyli asanlaşıb. Bu ən başlıca səbəbdir.

- Narkotik istifadəçiləri arasında daha çox hansı yaş arası olan insanlar üstünlük təşkil edir?

- Ən çox narkotik istifadəçiləri 24-40 yaş qrupları arasında olur. Statistika bunu deyir. Lakin 60, 70, 80 yaşlı narkotik istifadəçiləri də var. Rastlaşdığım maraqlı bir məqamı sizinlə bölüşmək istərdim. 80 yaşlı bir kişi özü bilmədən narkotik istifadəçisinə çevrilmişdi. Deməli, kişinin belində ağrıları olub, nə qədər həkimə getsə də, ağrıları azalmayıb. Kişinin qonşuluğundakı bir cavan oğlan kişinin ağrılardan şikayətləndiyini görüb ona narkotik həb verir. Kişi həbi atır, ağrı kəsilir. Bir neçə gün sonra ağrı yenə baş qaldırır, ağsaqqal yenə qonşu oğlana müraciət edir. Beləliklə, kişidə bu, gündəlik tələbata çevrilir, ağsaqqal özü də bilmədən narkotikə oturur. Belə faktlar da var.

- Azərbaycandakı qadın narkotik istifadəçilərinin sayı nə qədərdir?

- 2018-ci ilin qeydiyyatda olan qadın narkotik istifadəçilərinin sayı təxminən 700 nəfərdir. 2017-ci illə müqayisədə rəqəmlərdə artım var, lakin artım böyük deyil. Bunu xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı dünya ölkələri ilə müqayisədə aşağıdır ki, yuxarı deyil. Bir sıra ölkələr var ki, onlarda narkotik istifadəçilərinin sayında azalma müşahidə olunur. Bu azalma həmin ölkələrdə marixuananın leqallaşması ilə əlaqəlidir.

- Dediyiniz kimi, bir sıra ölkələrdə, o cümlədən qonşu Gürcüstanda parlament marixuananın leqallaşdırılması ilə bağlı qanun qəbul edib. Marixuananın insan orqanizminə hər hansı mənfi təsiri yoxdurmu deyə, dövlətlər bu cür addımlar atır?

- 1996-cı ildə mənim elmi işimin bir hissəsi marixuana ilə bağlı idi. Dissertasiyada onun ziyanına və xeyrinə toxunmuşdum. Dünyada heç nə pis deyil və heç nə yaxşı deyil. Hər şey pisdir və hər şey yaxşıdır. Elə götürək heroini. Heroini xaşxaşdan hazırlayırlar. Xaşxaşdan dərmanlar hazırlanır. Məsələn, ishal zamanı "İmodium" dərman preparatından geniş istifadə olunur. “İmodium” da xaşxaşdan hazırlanır. Sadəcə, dərmanların hazırlanmasında xaşxaşın tərkibindəki sərxoşedici hissədən yox, xeyirli hissədən istifadə edilir. Xaşxaş, heroin, morfin olmasa, hansı cərrahi əməliyyat keçirilə bilər? Müasir təbabətdə dağınıq skleroz, epilepsiya, vərəm xəstələrinin müalicəsində xaşxaşdan hazırlanan dərman vasitələri effektivdir. Günah bitkidə deyil, günah insandadır. Bütün dünyada olduğu kimi, Azərbaycanda narkotik istifadəçiləri və böyük əksəriyyət marixuananı narkotik hesab etmir, marixuanaya bitki kimi baxırlar. Tədqiqatlara görə, alkoqol, spirtli içki orqanizmə daha çox ziyan vurur, nəinki marixuana. Elmi tədqiqatlara əsaslanıb deyirəm ki, marixuana daha güclü narkotik vasitələr üçün tramplindir. Marixuana ilə başlayıb, daha güclü narkotik vasitələrdən istifadə şansı yüksəkdir. Bunu unutmaq olmaz. Hələ 90-cı illərdə apardığım araşdırmalar göstərir ki, marixuanadan istifadə edən insanlar arasında şizofreniyaya tutulma riski daha yüksəkdir. Alkoqol istifadə edənlər arasında isə heroinə, kokainə keçmək ehtimalı daha azdır. Lakin alkoqol istifadə edənlər cinayət törətməyə çox meyllidirlər, nəinki marixuana istifadəçiləri.

- Bəs Azərbaycanda necə, marixuananın leqallaşmasını məqbul hesab edirsiniz?

- Azərbaycanda marixuananın leqallaşdırılması hələ tezdir.

- Bu günlərdə narkotik haqqında meyxana oxuyan şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Tanınmış personalar - müğənnilər, meyxanaçılar, idmançılar tərəfindən Mərkəzə müraciətlər olurmu?

- Bəli, adı qeyd etdiyiniz təbəqənin nümayəndələrindən müraciət edənlər olur. Bu müraciətlər rəsmi və qeyri-rəsmi əsasda edilir. Cəmiyyətdə belə bir fikir hökm sürür ki, incəsənət adamları və idmançılar arasında narkotik vasitələrdən istifadə edənlərin sayı daha çoxdur. Mən elm adamıyam və hər bir məsələyə, fikrə elmi nöqteyi-nəzərdən yanaşıram. Axı müğənnilərin, idmançıların narkotikə daha meylli olduğunu elmi cəhətdən kim sübut edib? Heç kəs bununla bağlı tədqiqat aparmayıb, real statistika yoxdur. Əgər bir məsələ sübut olunmayıbsa, buna inanmaq olmaz. Nədənsə insanların yaddaşında narkotik vasitə istifadəçisi olan usta, sürücü, yaxud bənna qalmır. Bəli, incəsənət xadimləri, idmançılar da bizə müraciət edir. Nə qədər insan “peredozirovka”dan ölür, amma nədənsə hamının yaddaşında amerikalı müğənni Elvis Presli qalıb. İncəsənət xadimləri öləndə əksəriyyət düşünür ki, bəlkə bu da elə narkotikdən ölüb? Niyə belə fikirləşirlər, başa düşmürəm (gülür)...

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR