XƏBƏR

Mütəxəssis: "İnsanların 1/3-i koronavirusa qarşı immunitetə malikdir"- Onlar xəstələnməyəcək?

date 15 Dekabr 2020

Mütəxəssis: "İnsanların 1/3-i koronavirusa qarşı immunitetə malikdir"- Onlar xəstələnməyəcək?

"Əgər xəstəliyin hər hansı bir əlaməti sizdə yaranıbsa, ilk növbədə panikaya düşməmək tövsiyə olunur, adi fəsli qrip infeksiyası kimi qəbul edərək hamımızın bildiyimiz tədbirlər görülməlidir. Emosional sferanın xəstəliyin gedişində və müalicəsində əhəmiyyəti çox böyükdür bu səbəbdən pozitiv əhval-ruhiyyəni unutmayın!"

e-tibb.az xəbər verir ki, bunu həkim-terapevt, TƏBİB-in Stasionar xidmətin təşkili şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva açıqlayıb.

Onun sözlərinə görə, təxminən insanların 1/3 hissəsi koronavirusa qarşı hüceyrə immunitetinə malikdirlər ki, bunlar ümumiyyətlə, koronavirusla xəstələnməyən insanlardır: “Əgər mən xəstələndimsə, demək bir daha xəstəliyə yoluxmayacam? Təkrar yoluxma halları göstərilmişdir, lakin mən əminəm ki, bu, ortalama olaraq əvvəlkindən yüngül keçəcəkdir.

60 yaş və yuxarı şəxslər, yanaşı yüksək təzyiqi, ürək və ağciyər xəstəliyi, şəkərli diabeti, onkoloji xəstəliyi, qaraciyər, böyrək xəstəliyi, bir sözlə yanaşı xroniki xəstəliyi olanlar özlərini daha çox qorumalıdırlar ki, xəstəliyin ağır gedişi onlar üçün təhlükəlidir!” 

Həkim vurğulayıb ki, qorunmaq üçün sadə qoruyucu üsullardan istifadə olunmalıdır: məsafə saxlamaq, maska taxmaq, insanların bir arada toplanmasından qaçmaq, əlləri tez-tez yumaq, öskürək zamanı ağzı əllə və ya qolumuzla bağlamaq: “Xəstəliyin əlaməti olan hər bir şəxs imkan daxilində test verməlidir. Testin nəticələri açıqlananadək ətraf mühitdən təcrid olunmalıdırlar”.

COVİD-19-u təsdiqləmək və ya inkar etmək üçün hansı testlərdən keçmək lazımdır?

K. Ağayeva bildirib ki, diaqnostikanın ən geniş yayılmış üsulu polimeraz zəncirvari reaksiyadır (PZR) - material nümunəsi burundan və boğazdan yaxma şəklində götürülür, virus kontaktdan bir neçə gün sonra və simptomların debyutu zamanı təyin edilir. 

Exspress test PZR testdən ucuz olsa da, nəticəni daha tez öyrənməyə imkan versə də, dəqiqliyi aşağıdır. 

Antitel (İgG/İgM) təyininə əsaslanan test əvvəllər keçirilmiş infeksiyanı, hətta simptomsuz keçibsə belə aşkarlamağa imkan verir. Bu testlər COVİD-19 diaqnostikası üçün yararlı deyil.

Həkim qeyd edib ki, COVİD-19-a yoluxma ilə əlamətlərin yaranması arasında adətən 5-6 gün keçir və 1-14 gün aralığında olur: “Bu səbəbdən infeksiya mənbəyi ilə kontaktda olan insanlara virusun yayılmasının qarşısını almaq məqsədilə 14 gün evdə qalmaq tövsiyə olunur. Əgər test cavabı mənfi çıxıbsa, bu nəticəyə nə dərəcədə inanmaq olar?

Bu zaman hər şey nəzərə alınmalıdır: xəstə ilə kontakt, simptomların olması. Əgər KT-də qeyri-xarakterik pnevmoniya (“buzlu şüşə” radioloji təsvirdir) aşkarlanıbsa, bu zaman hətta mənfi test cavabı olsa da, xəstə COVİD-19 kimi dəyərləndirilir. Koronavirusun ilk başladığı yer olan Çin Xalq respublikasının Uhan şəhərində bir xəstəxanada klinik hallar araşdırılıb və COVİD-19-un mühüm əlamətlərindən biri olan yüksək tempüraturun 12 gün, öskürəyinsə daha uzun sürə biləcəyi müəyyənləşdirilib. Qalıcı öskürəyin virus üçün test verdikdən sonra 14-21 gün davam etməsi, nəfəs darlığının isə 13 gündə sona çatması müəyyənləşdirilib”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR