XƏBƏR

Meyitdən və canlı donordan hansı orqan və toxumalar transplantasiya oluna bilər?

date 1 İyun 2020

Meyitdən və canlı donordan hansı orqan və toxumalar transplantasiya oluna bilər?

Azərbaycanda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşir.

e-tibb.az APA-ya istinasən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq “İnsan orqan və toxumalarının  donorluğu və transplantasiyası haqqında” qanun layihəsində siyahı öz əksini tapıb.

Layihəyə əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Eyni zamanda canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi,  dərinin bir hissəsi,  sümük iliyi,  kök hüceyrələr götürülə bilər.

Həmçinin, layihədə qeyd edilib ki, Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır.

Qanun layihəsinə, əsasən, donor orqanın götürülməsini və transplantasiyasını həyata keçirən tibb müəssisələri də müəyyən edilib. Layihəyə əsasən, canlı donordan, yaxud meyit donordan donor orqanın götürülməsi, hazırlanması (konservasiyası), saxlanması, daşınması, transplantasiyası, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız bu fəaliyyətlə məşğul olmağa lisenziyası olan tibb müəssisələri tərəfindən həyata keçirilir.

Orqanların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Transplantasiyanın qaydaları və şərtləri isə aşağıdakı kimidir:

- Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.

- Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR