BLOQ

Koronovirus - yoluxma əmsalı bizə nələr vəd edir?

date 11 Sentyabr 2020

Koronovirus - yoluxma əmsalı bizə nələr vəd edir?

Koronavirus pandemiyası səbəbindən sərt karantin qaydalarının yumşaldılmağa başlandığı bu günlərdə dövlətin də, vətəndaşların da ən yaxından izlədiyi göstəricilərin başında virusun yayılma sürəti durur. Bunu bilmək üçün bütün dünyada yoluxucu xəstəliklərin epidemiologiyasının əsas göstəricilərindən olan R0 və K əmsallarından istifadə olunur.

Bu əmsallar nədir və nə əhəmiyyət kəsb edirlər?

Pandemiyanın yaratdığı təhlükəni başa düşmək üçün bu əmsalların sadə, lakin çox vacib məna və əhəmiyyətləri vardır. Bu göstəricilər, dövlətlərin aparmalı olacağı önləyici tədbirlərin həcmini müəyyənləşdirməyə, eyni zamanda insanların gələcək günlərdə infeksiyanın gedişində baş verəcək dəyişiliklərdən xəbərdar olmasına yardım edir.

Öncə R0 əmsalı haqqında. R0 deyilən əmsal yoluxma əmsalı adlandırılır. R0 əmsalı bir infeksiyanın ümumi yoluxduruculuq və artıb-çoxalma qabiliyyəti kimi dəyərləndirilir. Başqa sözlə desək infeksiyaya yoluxmuş bir nəfərin daha neçə nəfəri yoluxduracağı haqqında məlumat verir. Hər xəstəliyin özünə xarakterik R0 əmsalı olur. Son zamanlarda çox aktual bir xəstəlik olan SARS-CoV-2 üçün bu göstərici Dünya Səhiyyə Təşkilatının (DST) verdiyi məlumatlara görə, əksər ölkələrdə əsasən 2,0-3,0 arasında dəyişir. Bu o deməkdir ki, virusa yoluxmuş bir nəfər sonradan ortalama 2-3 nəfəri yoluxdurmuş olur. Xəstəliyin təbii gedişatında fərqli variantlara rast gəlinir. Əgər R0 > 1,0 olursa, bu bir epidemiyanın başlandığını və ya olduğunu göstərir. Belə bir vəziyyətdə virusa yoluxmuş insanlar xəstəliyi birdən artıq insana yayar və yoluxma hallarının sayı ədədi silsilə ilə artar. Ancaq R0 < 1,0 olduğu halda bir nəfər bu virusu birdən az sayda insana keçirər. Bunun nəticəsində də yoluxma hallarının sayı azalar və sonda infeksiya ocağı ləğv olunar. Hazırda tövsiyyə edilən sosial məsafə məhdudlaşdırıcı tədbirlərın əsasını elə bu göstərici təşkil edir.

Bu tədbirlərin sayəsində virusun ümumi yoluxduruculuq imkanları zəiflədilir və xəstəlik nəzarət altına alına bilir.
R0 əmsalı hesablanarkən mövcud yoluxma və ölüm halları, virusun inkubasiya və yoluxduruculuq dövrü, yayılma yolu və imkanları nəzərə alınır. Normal olaraq koronovirusa yoluxan çox az qisim adamlar çoxlu adamları (R0 əmsalından çox) yoluxdurur və əksinə, bir çox yoluxmuş insanlar isə ya az sayda adamı yoluxdurur, ya da heç kimi yoluxdurmur. Nəticə etibarı ilə isə yoluxma əmsalı dəyişməz qalır. Bu da K (Kappa) əmsalı ilə müəyyən edilir. Belə ki, K əmsalı 1 olan virus o deməkdir ki, yoluxduruculuq sadəcə yoluxma əmsalı üzrə gedir, 0 olduqda isə yoluxduruculuq tamamilə yoluxma əmsalının xaricində kontroldan çıxmış şəkildə gedir. Beləliklə, K əmsalı nə qədər kiçik olarsa çox adamı yoluxduran az sayda virusa yoluxmuş insandan söz gedir ki, bu virusun insanlar arasında yayılmasında böyük rol oynayır. Belə olan halda isə yoluxma hallarının qarşısını almaq sadəcə, standart yoluxma əmsalı ilə yayılan virusun qarşısını almaqdan sadədir. Burada vacib amil isə yoluxma hallarını vaxtında bilmək və qarşısı alınmaqdır. Müvafiq şəxslərin tez bir zamanda karantinə alınması tədbiri burada ən əsas yol hesab edilir.
Azərbaycanda R0 yoluxma əmsalı haqqında çox təəssüflər olsun ki, bu günə qədər dəqiq məlumatlar yoxdur. Qonşu Türkiyə Respublikasında Səhiyyə Nazirliyinin hesablamalarına görə, virusun kükrəyişi günlərində (əsasən may ayında) ortalama 1,56 olu. Bu göstərici ölkənin bəzi bölgələrində 4,5-5 rəqəmlərinə, hətta İstanbul şəhərinin bir bölgəsində 16-ya qədər yüksəlibr. Hər bir kəs bilməlidir ki, koronovirusla mübarizədə bu gün üzərimizə düşən məsuliyyət daha da çoxdur. Belə ki, bu günkü yoluxma sayının artmaması və beləliklə, bir müddətdən sonra virusun aradan qaldırılması üçün verilən tövsiyələrə riayət edilməlidir.

 

Azər Nağıyev-Həkim-infeksionist

e-tibb.az üçün

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR