XƏBƏR

Koronavirusa təkrar yoluxmalar: Xəstəlik ikinci dəfə simptomsuz keçir?

date 29 Noyabr 2020

Koronavirusa təkrar yoluxmalar: Xəstəlik ikinci dəfə simptomsuz keçir?

Pandemiyanın nə vaxt bitəcəyini elmi cəhətdən proqnozlaşdırmaq olar. İnsanların 70 faizinin, yəni üçdə ikisinin orqanizmində koronavirusa qarşı immunitet yaranacağı zaman virus aramızdan gedəcək.

e-tibb.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.

Professor hazırda bütün dünyada insanların az bir qisminin yoluxduğunu qeyd edərək bildirib ki, əhalinin bir qrupu xəstəliyi keçirib sağalaraq immunitet qazanacaq. 70 faizin digər hissəsi isə vaksinlə tənzimlənəcək: “Gələn ildən vaksinlərin gələcəyi gözlənilir. Virus da canlıdır, həssas orqanizm tapa bilməsə, bizim aramızda yaşaya bilməz. Onu da qeyd edim ki, Azərbaycan dövlət səviyyəsində ən effektiv və təhlükəsiz vaksinlərin alınması üçün tədbirlər görür".

A.Qurbanov bütün dünyada təkrar yoluxma hallarının olduğunu bildirib və vurğilayıb ki, ona görə də yoluxmuş şəxs arxayınlaşmamalıdır ki, bu xəstəliyi keçirmişəm və qorunma tədbirlərinə ehtiyac yoxdur: “Birinci dəfə xəstəliyi keçirənlər ikinci dəfə onu simptomsuz keçirə bilərlər. Bu da yoluxma saylarının artımına səbəb ola bilər. Çünki həmin şəxslər infeksiya mənbəyinə çevrilə bilərlər. Bəzi vətəndaşlar indiyədək yoluxmadıqlarına görə bundan sonra xəstələnməyəcəklərini düşünürlər. Bu, düzgün deyil. Çünki həmin xəstəliyə hər kəs yoluxa bilər. Qorunma tədbirlərinə düzgün əməl edilsə, bu, baş verməyə də bilər. Bir neçə ay öncə Avropadan təkrar yoluxma hallarının olması ilə bağlı xəbərlər gəldi. Həmin xəbərlər getdikcə çoxalır. Təkrar xəstələnmə zamanı xəstəliyin özünü necə göstərməsinə dair sübut olunmuş məlumatlar yoxdur. Lakin bu zaman ən yüngül xəstəlik halından ən ağırına qədər müşahidə oluna bilər. Xəstəliyin hansı hallarda yüngül və ağır gedişə malik olacağı araşdırılmalıdır. Heç kim arxayınlaşmamalıdır ki, mən yoluxub sağalmışam, daha yoluxmayacam. Biz yenidən yoluxa bilərik. Hazırda təkrar yoluxmanı proqnozlaşdırmaq mümkün deyil. Çünki bu barədə kifayət qədər sübut və materiallar yoxdur.

Komitə rəhbəri deyib ki, qorunma tədbirlərinə, hamının bildiyi qaydalara düzgün riayət edilməlidir: “Maska tənəffüs yollarını örtmürsə, bu, onu nəyinsə xatirinə gəzdirməkdən başqa bir şey deyil. Qapalı məkanlarda, sıx təmasların olduğu yerlərdə maska istifadəsinə xüsusi diqqət yetirilməlidir. Bilməliyik ki, maskanı hələ uzun müddət istifadə etməliyik. Çünki pandemiyaya hələ qalib gəlməmişik. Digər, tərəfdən məsafə saxlanılması vacibdir. Əgər bu, mümkün deyilsə maskanın düzgün istifadəsi bizi yoluxmadan qoruyar. Maska taxılması, məsafə saxlanılması, əl gigiyenasına əməl edilməsi nəinki koronavirusdan, mövsüm üçün xarakterik olan digər respirator infeksiyalardan da qorunmağımıza kömək edir. Həmin qaydalara əməl olunsa, yoluxma saylarında əhəmiyyətli azalmaya şahid ola bilərik. Daha biz gözləməməliyik ki, hamı yoluxsun, xəstələnsin, hər kəsdə immunitet yaransın, sonra yoluxma sayları azalmağa başlasın. Bu, çox uzun müddət vaxt aparar və koronavirus səbəbindən vəfat edənlərin sayı çox ola bilər".

Professor bildirib ki, adətən 65 yaşdan yuxarı olanlar risk qrupu adlandırılır: “Xəstəliyin ağır keçirilməsi nəzərindən risk qrupları var ki, bura yaşlılar və xroniki xəstəliyi olanlar aid edilir. Yoluxma riskinə məruz qalanlara isə sıx təmasda olanlar daxil edilir. Məsələn, həkimlər, müəllimlər, gündəlik həyatda daha çox təması olanlar. Onlar xəstəliyin ağırlıq nöqteyi-nəzərindən risk qrupu hesab olunmurlar".

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR