XƏBƏR

Koronavirus peyvəndi kimlərə vurulacaq və effekti nə qədər olacaq?

date 15 Dekabr 2020

Koronavirus peyvəndi kimlərə vurulacaq və effekti nə qədər olacaq?

Azərbaycanda koronavirusa qarşı vaksinasiya ilə bağlı bir çox suallara bu gün aydınlıq gətirilib.

E-tibb.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, müxtəlif şirkətlər tərəfindən təklif olunan vaksinlər var: “Vaksin seçimində bir neçə parametr önə çıxır. Biri saxlama şəraiti, digəri qoruyuculuq, effektivlik xüsusiyyəti, üçüncüsü isə təhlükəsizlikdir”.

Onun sözlərinə görə, hazırda mövcud olan 5 vaksində təhlükəsizliklə bağlı tədqiqatlar yekunlaşmaq üzrədir: “Bunlardan biri Almaniya və ABŞ-ın birgə hazırladığı “BioNTech/Pfizer” vaksinidir. Burada saxlanma şəraiti bir qədər çətindir. Dünyanın əksər ölkələrində səhiyyə infrastrukturları buna hazır deyil və bu istiqamətdə işlər gedir. Bu vaksin -70 dərəcədə saxlanılır və effektivliyi 95 faiz olduğu barədə məlumatlar artıq məqalələrdə nəşr olunub. Digəri Rusiya Federasiyasında Gamaleya İnstitutunda hazırlanan “Sputnik V” vaksinidir. Bu vaksin -20 dərəcə temperaturda saxlanılmalıdır və effektivliyinin 95 faiz olduğu barədə məlumatlar var. Bundan başqa, Oksford Universitetində “AstraZeneca” şirkəti ilə birgə İngiltərə və İsveç alimlərinin birgə hazırladığı, -4 dərəcədə saxlanıla bilən vaksin ön plana çıxıb. Bu vaksinin də effektivliyinin 70 faiz olduğu barədə məlumatlar var. Ancaq bu vaksinin ikinci dozası ilə bağlı yenidən tədqiqatlara başlanılıb. Hazır olan vaksinklərdən Çinin “Sinovac” şirkətinin hazırladığı “CoronaVac” vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcə Selsidə 3 ilə qədər saxlamaq mümkündür. İlkin nəticələrə görə, bu vaksinin effektivliyinin 95-97 faiz olduğu bildirilir”.

TƏBİB rəhbəri qeyd edib ki, ölkədə ilkin olaraq səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə koronavirusa qarşı vaksinlərin vurulması nəzərdə tutulur: “Dünyada da bu təcrübədən istifadə edilir”.

Səhiyyə nazirinin müavini Viktor Qasımov isə deyib ki, hazırda ölkədə vaksinasiya strategiyası hazırdır. O bildirib ki, yaxın günlərdə hökumət tərəfindən bu strategiya təsdiqlənərək açıqlanacaq: “İlk dövrlərdə vaksinlər pulsuz həyata keçiriləcək”.

Brifinqdə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib ki, şəxs koronavirusdan 4-5 aydır sağalıbsa, onun vaksinasiya olunmasına ehtiyac yoxdur.

A. Allahverdiyevin sözlərinə görə, bununla belə şəxsin ikinci dəfə koronavirusa yoluxma təhlükəsi var: “Şəxs ikinci dəfə yoluxa bilər. İlk yoluxmada vücudunda atntitellər meydana gəlibsə, təkrar yoluxduğu halda çox böyük ehtimalla xəstəliyi kritik keçirməməsi mümkündür. Lakin xəstəliyi keçirmiş və bədənində xəstəliyə qarşı immun cavab meydana gəlməyibsə, o yenidən xəstələnə də, xəstəliyi ağır keçirə də bilər. Bununla belə, məsələn, Türkiyədə və digər ölkədə COVİD keçirənləri dərhal vaksinasiya etmək planlaşdırılmır. Onlar daha sonrakı mərhələlərdə vaksinasiyaya cəlb olunacaqlar. COVİD-i keçirənlər ilk mərhələdə vaksinasiya edilməyə bilərlər”.

A. Allahverdiyev onu da bildirib ki, bəzi insanların koronavirusa yenidən yoluxması immun sisteminin verdiyi cavabla bağlıdır. Vaksinlər də belə olacaq: “İnsanların bəzisi xəstəliyi yüngül, bəzisi ağır keçirir. Vaksinin təsiri də belə olacaq. Vaksin tətbiq zamanı bəzi şəxslərdə immun sistemi aktivləşməyə də bilər. Bu da mümkündür”.

İnstitut direktoru daha sonda qeyd edib ki, COVİD-19 ortaya çıxanda bunun varlığına inanmayanlar var idi. Daha sonra ailəsində yoluxanlar olduqca bu xəstəliyi anlamağa başladılar: “İndi də vaksinlərlə bağlı eyni reaksiyaları görürük. Bizim orqanizmimizin yaşamasının təməl əsası immun sistemidir. İmmun sistemi yoxdursa, biz yaşaya bilmərik. İmmun sistemini qorumağın əsasında vaksinasiya durur. Vaksinlərin bəzisi virusu öldürür, bəzisi virusun üzərində olan və xəstəliyi əmələ gətirən spaykları məhv etmiş olur. Hansı yolla əldə edilirsə edilsin, vaksinin əsas hədəfi immun sistemini aktiv hala gətirməkdir”.

Onun sözlərinə görə, Çində olan "CoronaVac" vaksinini hazırlayan şirkət uzun illərdir bu istiqamətdə çalışır. Bu vaksin əsasən immun sisteminə təsir edərək antiteli yaratmağı hədəfləyir: ”Aparılmış araşdırmalar sona çatmaqdadır. Vaksinin 95-97% civarında effektiv olması qənaətinə gəlinir. Üçüncü faza olaraq tədqiqatlarda Türkiyə də iştirak edir. Bu vaksin minlərlə insana verilir və təsiri yoxlanılır. Vaksinin təsirləri bu gün ümidvericidir. İnaktiv vaksinlərin hazırlanmasında Çin önə keçdi və daha tez bazara çıxaracaq. Türkiyədə də koronavirusa qarşı vaksin hazırlığında ikinci fazaya keçiblər. Digər vaksinlər ənənəvi deyil, yenidir. Ona görə də Çində hazırlanan vaksin daha təhlükəsizdir. Bu vaksinin neçə ay təsir edəcəyini sonra açıqlayacaqlar”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR