XƏBƏR

Koronavirus uşaqlarda da ağırlaşma yaradır: Nələrə diqqət olunmalıdır? - Pediatrdan TÖVSİYƏLƏR

date 9 Yanvar 2021

Koronavirus uşaqlarda da ağırlaşma yaradır: Nələrə diqqət olunmalıdır? - Pediatrdan TÖVSİYƏLƏR

“Əvvəl koronavirusun uşaqlarla işi yox idi. Uşaqlar yoluxsa da ağırlaşmırdı, çox yüngül keçirirdi, əksəri simptomsuz olurdu. Aparılan təcrübələrdə onların yoluxucu olmasının da əhəmiyyətsiz olduğu isbatlanmışdı. Bu dalğada isə koronavirus uşaqlara da toxunmağa başlayıb. 

Bunu həkim-pediatr Aytən İsmayılzadə açıqlayıb. Valideynləri dərhal panikaya düşməməyəyə çağıran mütəxəssis bir sıra tövsiyələr verib:

"Əlbəttə, uşaqlar ən həssas yerimizdir. Nəyə diqqət etməliyik? Pediatr olaraq təcrübəmi sizinlə bölüşməliyəm. Son iki həftədə qəbul etdiyim uşaqlar arasinda 5 nəfəri Covid-19 ağırlaşması ilə oldu. Onlarda 5 gün ərzində hərarət çox yüksək 39-40, çox halsızlıq, iştahsızlıq, qarında ağrılar, qusma, ishal, dəridə gedib-gələn qızartılar, gözlərdə qızartı (ikisi qan dolmuş kimi), boyun limfa düyünlərinin böyüməsi, ağrılı olması (limfadenit) analizlərdə CRP 150- 350-dən yuxarı( norma 5-ə kimi), EÇS 60-80 (norma 5-15) leykositlər 20000 civarında, neytrofilyoz göründü.

Bəli, bu əlamətlər digər virus qrip infeksiyalarinda da ola bilir. Amma biz başqa infeksiyanın epidemiyasını yaşayırıq. Həm də bu virus mutasiya uğrayıb əvvəl etmədiyini sonra edə bilir. Əgər evdə Covid infeksiyası olubsa, yaxud onun ən kiçik bir əlaməti kimdəsə olubsa, məsələn, dadbilmənin itməsi, o zaman evdə uşaq daxil hər kəsin yoluxduğunu bilin. Amma uşaqlara antiviral dərmanları verə bilmərik. Çunki favipiravir” uşaq orqanizmi uçun ağırdır, arbidol isə virus uçun zəifdir. İzləyəcəyik. Kim virusu necə keçirir. Hər kəs artıq sağaldı dediyimizdə bir uşağın hərarətinin yüksək rəqəmlərə qalxmasi məhz onun ağırlaşması ola bilər. Koronavirus immuniteti çox yoran, tükəndirən bir gücə malikdir. İmmunitet zəiflədiyində əlbəttə, bakteriyaların aktivləşməsi baş verəcək. Covid-də bu proses sürətlə baş verir. Mutləq CRP və qan umumi analizini verin. CRP yəni C reaktiv protein bədəndə iltihabın səviyyəsini göstərir. Qanın umumi dəyərlərini həkiminiz təhlil etməlidir. Yəni evdə Covid olduğu halda uşaqda olan yüksək hərsrəti digər virus infeksiyaları kimi üç gun gözləmədən araşdırmalıyıq.

Baş verən ağırlaşma əslində sadəcə, bakterial aktivləşmə ilə bağlı olmur. Multiorqan iltihab sindromu baş verə bilir. Prosesə ürək, böyrəklər, ağciyərlər, qaraciyər, mədəaltı vəz də cəlb oluna bilir.

Bir covid pozitiv uşaqda bir həftə sonra poliserozit görüldü və xəstəxanaya yatırıldı. Poliserozit yəni döş qəfəsi, qarın boşluğu seroz qişalarından maye ifrazı artımıdır. USM muayinədə qarın boşluğunda, plevral boşluqda maye yığılması muşahidə edildi. Yəqin ki, bu hal böyrək yumaqcıqlarının virus ilə zədələnməsi səbəbindən nefrotik sindrom inkişafı ilə bağlı oldu.

Uşaqlarda covid ağırlaşması ilə görulən halsızlıq sadəcə, kefsizlik deyil, uşaq qolunu qaldırmaqda belə çətinlik çəkir. Və bu halsızlıq ishal, qusma olmasa da olur. İştahsızlıq isə valideynlərin həmişə şikayət etdiyi iştahsızlıq olmur.

Qan dəyərləri, döş qəfəsi rentgeni, lazim olarsa Exo-kq, Usm muayinəsindən sonra kimin evdə, kimin xəstəxana şəraitində mualicəsinə qərar verilir. Geniş spektrli antibiotik təyinindən sonra hərarətin tədricən düşməsi, limfa düyünlərində ağrının, şişkinliyin azalması, gözlərdə qızartının azalması yaxşılaşma əlamətidir. Halsızlıq, iştahsızlıq daha sonra düzələn əlamətlərdir. Ürək, böyrək zədələnməsi olduqda xəstəxana şəraitində steroidlər, immunoqlobulin və s. ilə mualicə həyata keçirilir.

Gəlinən nəticəmiz budur :

- Uşaqlar da ağırlaşa bilir.

- Ağırlaşma yoluxmadan bir həftə, on gun sonra da baş verə bilər.

- Evdə kovid xəstəsi varsa uşaq yoluxmuşdur.

- Xəstə olan izolə olunsa və maska taxsa yaxşı olar.

- Ağırlaşma olmasın deyə verəcəyimiz bir dərman yoxdur.

- Analiz və muayinələri vaxtında etmək lazımdır.

- Müayinəsiz müalicə ilə vaxt itirə bilərik

-Proqnoz hələ ki yaxşıdır".

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR