BLOQ

Coronavirus: Alt tipləri daha ciddi xəstəliklərə səbəb olur

date 23 Yanvar 2020

Coronavirus: Alt tipləri daha ciddi xəstəliklərə səbəb olur

Coronaviruslar, Coronaviridae ailəsi içində yer alan tək zəncirli, RNT viruslarıdır. Səthində çubuqvari çıxıntıları uzantıları vardır. Bu çıxıntıların Latincadakı adı “corona”, yəni “tac” mənasını daşıdığı üçün bu viruslara Coronavirus (taclı virus) ismi verilib. Əsas dörd növdə sinifləndirilir: Alfa-, Betta-, Gamma- və Delta Coronaviruslar. İnsan, yarasa, donuz, pişik, it, dəvə, gəmirici və quşlarda görülür.

Coronaviruslar insanlarda olan alt tipləri HCoV-229E, HCoV-OC43, HCoV-NL63 və HKU1-CoV ilə çox zaman soyuqdəyməyə səbəb olsa da, SARS Coronavirus’un (SARS-CoV) səbəb olduğu Şiddətli Kəskin Tənəffüs Çatışmazlığı Sindromu (SARS) kimi daha ciddi tənəffüs yolu xəstəliklərinə, insan və heyvanlarda müxtəlif dərəcədə respirator, enterik, hepatik, nefrotik və nevrolojik simptomlarla seyr edən klinik tablolara  də səbəb ola bilirlər. 

Yaxın Şərq Respirator Sindromu Coronavirus’u (Middle East Respiratory Syndrome- CoV, MERS-CoV) betta-coronavirus ailəsi içində yer alır. Ölüm nisbəti SARS epidemiyasında 11% görülürkən MERS-CoV’da 35-50 % arasındadır.

31 dekabr 2019-cu ildə Çinin Vuhan şəhərində naməlum etiologiyalı pnevmoniya xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya pnevmoniyanın indiyə qədər aşkar edilməmiş yeni bir Coronavirus tərəfindən səbəbindən baş verdiyini bildirib. Bu yeni virus müvəqqəti olaraq novel Coronavirus "2019-nCoV" adlandırıldı.Yeni Coronavirus infeksionuna yoluxanların sayı yanvarın 20-də 224-ə çatarkən, bu virusun səbəb olduğu pnevmoniyadan həyatını itirən insanların sayı 4 nəfər oldu. Daha çox həyəcanverici xəbər isə  21 yanvarda epidemiyanı araşdıran heyətin rəhbəri  Zhong Nanshan-dan gəldi. Çin Televiziya Kanalına məlumat verərkən 2019-nCoV’nın insandan insana yoluxa biləcəyini izah elədi. 14 tibb işçisinin bu yolla xəstələndiyinin dəqiqləşdəyini bildirdi. Bununla yanaşı Vuhan’a heç getməyən 2 nəfər və bu insanların ailə üzvlərində də bu xəstəliyin aşkar olunduğu üzə çıxdı.  

Xəstəliyin baş qaldırdığı ölkələrə səfər edərkən virusa yoluxmanın qarşısını almaq üçün ehtiyat tədbiri olaraq kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq, əlləri mütəmadi yumaq, canlı və ölü heyvanlarla təmasdan uzaq durmaq tövsiyə olunur. Bu günə qədər olan məlumata əsasən, Ümumdünya Səhiyyə Təşkilatı səfərdə olan şəxslərə hər hansı bir xüsusi tədbir görməyi tövsiyə etmir.

 

Vasif Əliyev - İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya Uzmanı

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR