BLOQ

Kəskin respirator infeksiyalar və qripin qarşısını almaq üçün ən effektliv üsul...

date 22 Yanvar 2020

Kəskin respirator infeksiyalar və qripin qarşısını almaq üçün ən effektliv üsul...

Kəskin respirator infeksiyalar (KRİ) - əsasən hava-damcı yolu ilə keçən, tənəffüs yollarının selikli qişasının iltihabı və orta dərəcəli intoksikasiya ilə səciyyələnən, klinikası oxşar olan bir neçə kəskin infeksiyanın ümumi adıdır. KRİ-lərin etiologiyası əksər hallarda virus mənşəlidir, bəzən isə onlar bakteriya və ibtidailər tərəfindən törədilə bilərlər.

Qrip- hava-damcı yolu ilə yayılan, A, B və C tipli RNT tərkibli pnevmotrop virusla törədilən, hərarətin yüksəlməsi, intoksikasiya simptomları və tənəffüs yollarının selikli qişasının iltihabı ilə səciyyələnən, yoluxuculuğu yüksək olan kəskin xəstəlikdir. Kəskin respirator infeksiya və qrip halları bütün digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edərək, böyüklər və uşaqlar arasında tənəffüs yollarının xəstəlikləri strukturunda birinci yeri tutur və sahə həkimlərinə müraciətlərin əsas səbəbi hesab olunur.

Yoluxma. KRİ-lər iki yüzdən artıq müxtəlif mikroorqanizmlər tərəfindən törədilir: A, B, C tipli qrip virusları, digər viruslar, bakteriyalar, ibtidailər. Hər il baş verən qrip epidemiyalarına A və B virusları səbəb olur. Epidemiyalar payız-qış mövsümlərində baş verir. Qrip viruslarının genetik strukturları daima dəyişir ki, bu dəyişkənliyin nəticəsində virusun yeni növləri əmələ gəlir ki, əhalinin onlara qarşı immuniteti olmur. Yaşın 65-dən yuxarı və 1-dən aşağı olması, ağ ciyərlərin, ürək-damar sisteminin xroniki xəstəlikləri, şəkərli diabet, immundefisitli vəziyyətlərin olması, hamiləlik və s. risk qrupu hesab edilir.

Əlamətləri. KRİ və qripin klinikası çox oxşardır və bir neçə simptomun kombinasiyası ilə səciyyələnir. Bunlar ümumi intoksikasiya (hərarətin yüksəlməsi, üşütmə, titrətmə, zəiflik, tərləmə, baş ağrısı, əzələ ağrısı, işıqdan qorxma, ürəkbulanma, qusma), tənəffüs yollarının müxtəlif səviyyələrdə zədələnməsi (zökəm, boğaz ağrısı, səsin batması (laringit), öskürək (traxeit, bronxit), kataral simptomlar (yumşaq damaq və udlağın hiperemiyası), əlavə simptomlar: limfadenit, konyunktivit, ekzantema və s.-dir.

Gedişi. Xəstəlik adətən kəskin başlayır. İnkubasiya dövrü bir gündən beş günə qədər çəkə bilər. Xəstəliyin ağırlığı ümumi sağlamlıq statusundan, xəstənin yaşından, virusun tipindən və bu tipə qarşı xəstədə immunitetin olub-olmamasından asılıdır.

Müalicə. KRİ və qripin geniş yayılmasına baxmayaraq, onların gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və qripin müalicəsində üstünlük əsasən simptomatik terapiyaya verilir. Müalicənin əsas məqsədi xəstənin vəziyyətin ağırlığını qiymətləndirmək, antibakterial terapiyaya olan ehtiyacı müəyyən etmək (bakterial infeksiyanın əlavə olunması), fəsadları vaxtında aşkarlamaq, pasiyentin xəstəxanaya göndərilməsi üçün meyarları təyin etmək, ətrafdakıları infeksiyadan qorumaqdır. Yuxarı tənəffüs yollarının kəskin respirator xəstəliklərinin əksəriyyətinin viruslar tərəfindən törədildiyini nəzərə alaraq, müalicə məqsədilə antibiotiklərin təyin olunması əsassızdır. Bədən hərarəti 38,5°C-dən yuxarı qalxdıqda və ağrılar olduqda, qəbulu üçün əks-göstəriş olmadığı halda qızdırma salan və qeyri-steroid iltihab əleyhinə preparatların təyini tövsiyə edilir. Uşaqların müalicəsi üçün nisbətən effektiv və təhlükəsiz olduqlarına görə parasetamol və ibuprofenin təyin edilməsi məqsədəuyğun hesab olunur. Hamilələrdə yüksək hərarət olduqda, nisbətən effektiv və təhlükəsiz olduğu üçün parasetamolun təyin edilməsi məqsədəuyğun hesab olunur.

Profilaktika. Qrip əleyhinə vaksin digər tipdən olan viruslara təsir etmir. Vaksin hər il mövsüm başlamazdan əvvəl vurulmalıdır. Sağlam həyat tərzi və orqanizmi sağlamlaşdıran tədbirlər (idman, gəzinti, təbii qida əlavələri, sağlamlaşdırıcı proseduralarvə s.) bu xəstəliklərin qarşısını almaq üçün ən sınanmış və effektli üsul olaraq qalır.

Azər Nağıyev - Həkim-İnfeksionist-Hepatoloq

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR