XƏBƏR

Kardioloq: “Bəzən həm ürək, həm də virus səbəbli tənginəfəslik yanaşı olur”

date 4 Avqust 2020

Kardioloq: “Bəzən həm ürək, həm də virus səbəbli tənginəfəslik yanaşı olur”

“Hazırda kardioloqlara müraciət edənlərin sayı artıb. Əsas şikayətlər tənginəfəslik və zəiflikdəndir”.

e-tibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mütəxəssis kardioloqu Sara Bayramzadə deyib.

Onun sözlərinə görə, pandemiya dönəminin daha çox təsir göstərdiyi sahələrdən biri də kardioloigiya sahəsidir. Covid-19 yanaşı xəstəliyi olanlarda, xüsusilə də ürək xəstələrində ağırlaşmış klinika ilə, bəzən isə mortallıqla nəticələnir.

Kardioloq bildirib ki, tənginəfəslik şikayəti ürək çatışmazliğında da izlənildiyindən, koronaviruslu xəstələr tənginəfəslik əlamətlərinə görə kardioloqa da müraciət edirlər: “Dəqiq diaqnoz isə müayinə zamanı aydınlaşır. Bəzən isə həm ürək, həm də virus səbəbli tənginəfəslik yanaşı olur. Bu hal mütləq hospitalizasıya tələb edir".

Mütəxəssis insanların ürək xəstəliklərindən qorunması üçün önləyici tədbirlərin görülməsini də vacib sayır. Onun sözlərinə görə, qorunma tədbirləri ilk növbədə epidemioloji şəraitə uyğunlaşdırılmalıdır: "Ürək xəstələrinin ayrıca özəlliyi təyin olunan müalicələrin mütəmadi davam etməsindədir. Eyni zamanda insanlar virusun yaratdığı həyəcanı, təşviş hissini minimuma endirməyə çalışmalıdır. Hipertoniya xəstəliyi səbəbilə müalicə qəbul edənlərə AÇFİ qrup ( Lizinopril, Ramipril, Perindopril) preparatlarını alternativləri ilə əvəz etmək məsləhət görülür. Çünki adı çəkilən preparatlar koronavirusa yoluxmanı artıra bilər. Bu da ürək xəstələrində unudulan, lakin önəmli olan məsələdir.

Ümumiyyətlə, hamı bilməlidir ki, stres bu xəstəlikdən qorunmada önəmli olan immun sistemini zəiflədir. Ona görə də mümkün qədər stresdən uzaqlaşmaq, pozitiv düşüncələrə köklənmək zəruridir. Lazım gələrsə, sedativ bitki tərkibli preparatlar qəbul edilməli, hətta onlayn psixoloq konsultasıyası xidmətindən istifadə olunmalıdır. Xalq arasında populyar olan virus əleyhinə və ürək dərmanlarını həkim göstərişi olmadan qəbul etmək də yolverilməzdir".

Hamını xüsusi rejimin şərtlərini gözləməyə, yay günlərində D vitamininin əsas mənbəyi olan Günəş şüalarından yararlanmağa çağıran həkim ürək xəstələrinə əvvəlcədən təyin olunmuş müalicəyə kardioloq konsultasıyası olmadan fasilə verməməyi tövsiyə edib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR