BLOQ

Karantin müddətində evdə sağlamlığı necə qoruyaq?

date 18 İyul 2020

Karantin müddətində evdə sağlamlığı necə qoruyaq?

Bu gün koronovirus infeksiyası səbəbindən əhali günün əksər və ya bir hissəsini evdə qalmaqla keçirir. Karantin tədbirləri ilə əlaqədar olaraq insanların bir qismi evdən internet vasitəsi ilə öz işlərini davam etdirir, qalanlar isə bunu edə bilmədiyi üçün bütün günü evdə qalmaqla bu ağır zaman müddətini aktiv fəaliyyət olmadan sadəcə, gözləməklə keçirmək məcburiyyətindədir. Bəzi insanlar bu müddəti “ev həbsi”, bəziləri “növbədənkənar məzuniyyət”, bəziləri isə “gözəl fürsət” kimi qəbul edir.

Heç bir təlaş etmədən mənəvi və fiziki sağlamlığımızı qoruyaraq evimizdə keçirdiyimiz bu zamanı necə doğru dəyərləndirmək mümkündür?

 

1. İlk növbədə sağlam qidalanmağa fikir vermək lazımdır. Unutmaq lazım deyil ki, immun sistemimiz hər zaman olduğundan bu gün daha çox bizim koronavirusa qarşı ən gözəl mübarizə vasitəmizdir. Ona görə də virusdan qorunmaq üçün sağlam qidalanmağımız (vitaminlər, sink və dəmir kimi vacib komponentlərlə zəngin) vacib şərtlərdən biri hesab olunur. Zülallı və yağlı qidalara isə çox üstünlük verməyin, rafinə olunmuş karbohidrat və digər qida məhsullarından uzaq durun. Vitamin depolarınızı dolu tutmaq üçün meyvə, tərəvəz və göyərtilərə üstünlük vermək lazımdır. Bol maye qəbulu (əsasən də indiki yay aylarında) maddələr mübadiləsini tənzimində vacib rol oynayır.

2. İdman salonlarına getmək hələlik mümkün olmadığı üçün evdə idman hərəkətləri yerinə yetirmək olar. Günün uyğun saatlarında icazəli şəkildə park və ya gəzinti yerlərində digər insanlarla təmas yaratmadan açıq hava gəzintisi sağlamlığınıza müsbət təsir göstərər.

3. Evinizdə otaqların havasını tez-tez dəyişdirmək lazımdır. Ciddi ehtiyac olmadığı hallarda kondisioner işlətməkdən imtina etmək məsləhət görülür.

4. Normal yuxu immunitetin ən gözəl dəstəyidir. Gecə yuxusunu əksik etməyin. Gecələri 7-8 saat yuxu yatmağınız, immun sisteminizin güclü qalmasında çox önəmli bir rol oynayır. Gün ərzində dincəlməyi sevirsinizsə bunu mümkün qədər qısa etmək lazımdır - yarım saatdan artıq yatmaq gecə yuxusunun pozulmasına gətirib çıxarar. 

5. Yeni bir məşğuliyyət axtarın. Bu adi və ya elektron qəzetdən bir yazını davamlı şəkildə izləmək, çoxdan vaxt tapmayaraq demək olar ki, unutduğunuz bir şəxsi bacarığınızla (rəsm çəkmək, naxış vurmaq, oyuncaq düzəltmək, maraqlı bir yazı və ya şer yazmaq və s.) təkrar məşğul olmaq, internet üzərindən yeni bir dost taparaq onunla aktual bir mövzuda fikir mübadiləsi və ya diskusiya aparmaq və s. ola bilər. Kitab oxuyun: Artıq “vaxtım yoxdur” deyərək sonraya saxladığınız, sevdiyiniz və maraqlı kitabları oxumaq vaxtıdır!

6. Kino salonlarına gedib film izləmək əvəzinə evinizdən bu filmləri izləmək mümkündür. Özünüzə bir film siyahısı tərtib edin və ekran qarşısında normadan artıq vaxt keçirmədən gündəlik olaraq onları bir-bir izləyə bilərsiniz.

7. Qlobal xəbərləri də izləyin. Koronovirus problemi bildiyiniz kimi təkcə bizim ölkədə deyil, bütün dünyada yayılır. Digər ölkələr hansı tədbirləri görürlər, oradakı insanlar özlərini bu virusdan necə qoruyurlar, virus onlarda özünü necə göstərir? Bütün bu sualların cavablarını bilmək üçün hər birimiz yeni xəbərləri davamlı şəkildə izləməliyik. Bundan əlavə, ölkəmizdə yaradılmış Operativ Qərərgah hər həftə toplantı keçirərək əksər hallarda yeni qərarlar qəbul edir. Bu qərarlar haqqında vaxtında xəbər tutaraq onlara riayət etmək hər birimizin vətəndaşlıq borcudur.

 

Azər Nağıyev-Həkim-infeksionist 

e-tibb.az üçün

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR