XƏBƏR

İş və təhsil zamanı belin sağlamlığı üçün 5 MƏSLƏHƏT

date 22 Sentyabr 2020

İş və təhsil zamanı belin sağlamlığı üçün 5 MƏSLƏHƏT

Qamət uşaqlıq dövründən formalaşir və böyüdükcə sağlamlığa təsir göstərir. Düz olmayan qamət əzələlərə və vətərlərdə artıq yüklənmə yaradr və gələcəkdə müxtəlif problemlərə, ağrılara yol aça bilir. Təhsil və iş prosesində erqonomik amillər çox mühüm rol oynayır. İş yerinin təşkili çox önəmli bir məqamdir. Rahat iş yeri iş və təhsil prosesinin daha effektiv və sağlam olmasi üçün vacibdir.

e-tibb.az xəbər verir ki, bunu həkim-fizioterapevt, Gömrük Hospitalinin həkimi Səidə Kərimova bildirib. Mütəxəssis bildirib ki, pandemiya şəraitində bir çox sahələrdə fəaliyyət virtual sferaya keçib. Artıq dərs ili də bir çox məktəblilər üçün onlayn formatında həyata keçirilir. Onlayn kompüter fəaliyyətini maksimal rahat keçirmək üçün bu məsələlərə diqqət yetirmək lazımdır. Bu mövzu həm onlayn təhsil alanlara, həm də onlayn işləyənlərə aiddir. Həkim onlayn iş və təhsil zamani belinizin sağlamliği üçün 5 məsləhət açıqlayıb:

1. İş zamanı monitor göz səviyyəsində və uzadılmış qol məsafəsində olmalıdır. Əks halda siz narahat bir vəziyyətdə çalışacaqsınız, başınızı  və çiyinlərinizi düz saxlaya bilməyəcəksiniz. Fikir vermək lazımdır ki, ekranda əlavə “blik” yaranmasın, çünki belə halda gözünüz tez yorulacaq. İş zamanı başınızı qabağa aparmayın, çiyinlərinizi yığmayın. Çiyinlərinizi bir az aşağı və dala aparın, qulağınız və çiyniniz eyni xətdə, düz və yerə paralel olmalıdır.

2. Oturanda ayaqlar yerdə olmalıdır. Ayaqların altına dəstək qoya bilərsiniz. Diz və bud-çanaq oynaqları təxminən eyni səviyyədə, bud- çanaq oynağı 90-110 dərəcə, diziniz 90 dərəcə bükülmüş vəziyyətdə olmalıdır. Belinizin çökək nahiyəsinə bir dəsmal büküb qoya bilərsiniz. Bu, belinizə dəstək verəcək. 

3. Dirsəkləriniz 90-110 dərəcədə bükülmüş vəziyyətdə olmalıdır, bədəninizə yaxın saxlayin. Klaviatura istifadə edirsinizsə monitoru göz səviyyəsində saxlasanız, klaviatura əlləriniz üçün rahat olacaq. Noutbuk qısamüddətli iş üçün daha yaxşidir. Uzunmüddətli davamli iş üçün ayrı klaviatura lazım olacaq. İş zamani biləyinizi bükməyn, biləyiniz düz və əllərlə eyni xəttdə olmalidir. biləyiniz bükülmüş və gərgin olsa, bu, sinirin sıxılmasına səbəb ola bilər.

4. Belin sağlamlığı haqqında danışanda mən həmişə bu məqamı vurğulayıram ki, uzun müddət fasiləsiz oturmayın. Çalışın hər 20 dəqiqədən bir durun və 2-5 dəqiqə gəzin. Bu, oturaq rejimdə belinizə düşən yüklənməni azaldacaq və onurğa strukturları və əzələlərin qan dövranını yaxşılaşdıracaq.

5. Əsas qrup əzələləri üçün sadə idmanlar çox vacibdir. Bu idman hərəkətləri üçün gündə 20-30 dəqiqə vaxt ayırın. Əzələlər onurğaya və oynaqlara düşən yükü özünə götürməlidir. Əks halda bu strukturlar zəifləyir və daha tez sıradan çıxır. Əzələləri gücləndirmək üçün yeganə yol idman hərəkətləridir. Sadə və heç bir avadanlıq tələb olmayan idmanlar əzələ sağlamlığı üçün tam kifayətdir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR