BLOQ

İnanmadığınız həkimə niyə gedirsiniz?

date 25 Aprel 2019

İnanmadığınız həkimə niyə gedirsiniz?

O qədər inamsızlıq var ki, cəmiyyətimizdə...

O qədər də qeyri-peşəkarlıq və fırıldaq var ki...

Toyuq öncə yaranıb, yoxsa yumurta söhbətində olduğu kimi, hansı hansının səbəbidir, hansı nəticədir, bilmirəm, amma bu qüsurlu dövran çox yorur bizi. Yəni işinin peşəkarı olanları. Qurunun oduna yaş da yanır.

Hər düşükdən sonra hamiləliyin davam edib-etmədiyini testlə yoxlayan pasiyentlərədir sözüm. Özünüzdən elm çıxarmayın.

Hamiləlik testi qandakı hamiləlik hormonunun sidiklə ifraz olunmasına əsaslanır. Yəni o testdəki ikinci xətti qarnınızdakı uşaq çəkmir. Ona görə də uşaq düşəndən sonra da, hormon qanda bir müddət dövran edir, sidiklə ifraz olunur, ona görə də test müsbət göstərir.

Problem bu deyil, hamı bu mexanizmi bilmək zorunda deyil. Hətta hərə öz işini bilsə, bəsimizdir. Problem odur ki, dünən abort olan xəstə sabah niyə bunu testlə kontrol etmə ehtiyacı duyur? Sizcə niyə? Mən sizə deyim: inamsızlıqdan. Birdən uçaq içəridə qalar, həkim, abortu yaxşı eləməz.

Bunu da anladım, inamsızlığın səbəbi gördüyünüz savadsız, məsuliyyətsiz, fırıldaqçı həkimlər olub, deyək ki. Amma sən özündən niyə mexanizm icad edib bunu testlə yoxlayırsan ki? Özünü bilən zənn edirsən? Tibb elmi bu qədər bəsit və mexanik deyil ki.

Bəs güvənmədiyin həkimə niyə getmisən?!

Bu mövzunun harasından başlayıb, harasında bitirəcəyimdə çətinlik çəkirəm.

Hamı hər şeyi bildiyini zənn edir, hamı hər işə qarışır. Niyə? Çünki öz işini bilən, işinə peşəkarca yanaşan çox azdır. Və o azlar bu inamsızlığın əziyyətini çəkir.

Əziz xanımlar, hamiləliyin varlığını testlə yoxlaya bilərsiz. Amma hamiləlik sonlandıqdan sonra test etmək adətindən əl çəkin.

Həkiminizə güvənin. "Güvənmədiyim həkimə getmişəmsə, bəlkə mən özüm anormalam" sualını özünüzə verin.

Peşəkar mütəxəssis azdır, vicdanlı, məsuliyyətli mütəxəssis azdır, razıyam, amma olanları da həyatdan, işdən bezdirməyin.

İnsanlara inanmağa çalışın. Amma bunun üçün öncə özümüz öz işimizdə peşəkar və doğruçu olmalıyıq.

Hamınıza dürüstlük, inam və güvən arzulayıram.

Rəşad Sultan-Cərrah-ginekoloq, uzman həkim

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR