BLOQ

İki düşmənlə mübarizə aparan, döyüşən həkimlərimiz, itirdiyimiz həmkarlarımız ...

date 1 Dekabr 2020

İki düşmənlə mübarizə aparan, döyüşən həkimlərimiz, itirdiyimiz həmkarlarımız ...

Bu zamana kimi cəmiyyətimizdə iki sənət sahibləri vardı ki, onlarla bağlı birmənalı şəkildə iki fikir formalaşmışdı: Bir qisim onlara hədsiz hörmətlə yanaşır, zəhmətlərini anlayır və dəyərləndirir, başqa bir qisim isə əksinə, hər fürsətdə onları tənqid edir, bütün bəlaların səbəbkarı imiş kimi yarğılayırdılar. Heç kimə sirr deyil ki, bunlar müəllim və həkimlərdir. Hər iki sənətin daşıyıcısı olduğumdan cəmiyyətin bu münasibəti, düzü, hər zaman məni narahat edib. Amma qəribədir ki, həkim və müəllimləri tənqid edən şəxslər yenə də ilk fürsətdə hansısa kömək üçün onlara üz tutublar. Lakin bu il ölkəmizdə və dünyada üst-üstə baş verən hadisələr həkimlərin önəmini və həkimliyin nə qədər uca peşə olduğunu bir daha hər kəsə göstərdi.

İlin əvvəlindən etibarən həm ölkəmizdə, həm də dünyada COVİD-19 pandemiyası ilə mübarizə davam etməkdədir. Ən son texnologiyalarla təchiz olunmuş, gündən-günə deyil, bəlkə də saatbasaat inkişaf edən ölkələr belə bu xəstəlik qarşısında aciz vəziyyətə düşdü, çarəsini tapa bilmədi. Bütün dünyanı cənginə alan bu böyük fəlakətlə birbaşa mübarizə aparanlar isə məhz həkimlər oldular.

Həkimlərimiz öz həyatlarını təhlükəyə ataraq, ailələrindən, övladlarından uzaqda, ağır və havasız geyimlərdə gecə-gündüz demədən koronavirus xəstələrinin sağalması üçün səfərbər oldular. Bu uğurda neçə-neçə həmkarımız həyatlarını itirdilər. Nə yazıq ki, koronavirusla mübarizəmiz nəinki bitməyib, gündən günə artmaqda, ağırlaşmaqda və təhlükəli vəziyyət almaqda davam edir.

Sentyabrın 27-dən isə ölkəmiz 30 ilə yaxındır işğal altında olan torpaqların azadlığı üçün mənfur düşmənlə müharibəyə başladı. Bu müharibədə bütün xalqımız səfərbər oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Əsgərlərimiz, hərbçilərimiz ön cəbhədə, hökümət nümayəndələrimiz siyasət masasında, analarımız, bacılarımız, atalarımız, övladlarımız isə arxa cəbhədə qələbə üçün çalışdılar.

Bəs bu böyük Vətən müharibəsində həkimlərimizin yeri hara idi? Əlbəttə ki, yenə də ön xətt, mərkəz! Onlarla, yüzlərlə həkimlərimiz, tibb işçilərimiz könüllü şəkildə bu müharibəyə qoşuldular, yaralı hərbçilərimizi həyata qaytarmaq, şəhid sayının minimum olması üçün öz həyatlarını təhlükəyə atıb güllənin, mərminin altında vəzifələrini icra etdilər. Təsadüfi deyil ki, şəhidlərimiz arasında həkimlərimizin də adlarına rast gəlirik. Və II Qarabağ müharibəsində tək qadın şəhid də məhz tibb işçisi oldu. Hamısının ruhuna ehtiramlarımızı göndəririk!

Dediyimiz kimi, bu müddətdə Azərbaycan və əlbəttə, həkimlərimiz iki düşmənlə döyüşürdülər: koronavirus və ondan daha mənfur düşmən- erməni. Son aylarda yoluxma sayının sürətlə artması yaralı hərbçilərimizin müalicəsinə səfərbər olan səhiyyəmizi bir az da çətin vəziyyətə saldı. Nəticədə, təəssüf ki, biz həmkarlarımızı da bir-bir itiririk.

Dərs dediyim Tibb Universitetinin yuxarı kurs tələbələri də biz müəllimləriylə birgə könüllü şəkildə bu mübarizəyə qoşulublar. Bu günümüz isə daha dəhşətli, daha ağır xəbərlə açıldı. Vaxtilə dərs dediyim gənc tibb işçilərimiz gecə növbədən qayıdarkən ağır yol qəzası keçiriblər və nəticədə 3 tələbəm faciəli şəkildə həyatlarını itiriblər. Hələ də universitetin tələbəsi olan, seçdikləri sahədə çox böyük işlər görmək potensialına malik üç fidanımız ömürlərinin bahar çağında həyata gözlərini yumdular. Hələ tələbə olan bu gənclərimizi COVİD-19-la mübarizəyə qatılmağa məcbur edən daxillərindəki həkimlik vicdanları və xalqına, peşəsinə duyduqları sonsuz sevgi idi. Onlardan birinin atası da Qarabağ müharibəsində ön cəbhədə yaralılarımızın müalicəsiylə məşğul olan çox dəyərli həkimimizdir. Bu gənclərimizin hansı arzularla həkimlik peşəsi seçdiklərini, necə böyük məsuliyyətlə bu sənətin incəliklərini öyrənməyə çalışdıqlarını, xalqına, dövlətinə yararlı vətəndaş olmaq üçün nələri qurban verdiklərini həm müəllimləri kimi görür, həm də eyni yolları keçmiş həkim kimi anlayırdım. Ona görə də onların ölümü son zamanlarda ürəyimi yandıran ən böyük fəlakət oldu.

Həm pandemiyayla mübarizədə, həm də Qarabağ müharibəsində itirdiyimiz həkimlərimiz öz ölümləriylə Azərbaycan həkiminin adını tarixdəki ən uca zirvəsinə qaldırdı. Heç birini unutmayacaq, unutdurmayacağıq! Nur içində uyuyun, əziz həmkarlarımız!

Məlahət Sultanova - Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası kafedrasının müdiri, dosent 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR