XƏBƏR

Hər 10 nəfərdən biri bundan xəstələnir

date 7 İyun 2019

Hər 10 nəfərdən biri bundan xəstələnir

Hər il təxminən 600 milyon qida mənşəli xəstəlik qeydə alınır. Dünyada hər 10 nəfərdən biri çirkli qida yeyəndən sonra xəstələnir.

e-tibb.az xəbər veriri ki, bu barədə 7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin açıqladığı məlumatda bildirilir.

Təhlükəsiz və faydalı qidalara əlçatanlıq dayanıqlı və sağlam həyat tərzi üçün vacib amildir. Qida mənşəli xəstəliklər səhiyyə sistemi üçün çətinlik yaradaraq, milli iqtisadiyyata, turizm və ticarətə zərər verir və sosial-iqtisadi inkişafa əngəl olur. Hər il qida mənşəli xəstəliklərdən 125000 5 yaşa qədər uşaq dünyasını dəyişir. Bu, qida mənşəli xəstəliklərin 40%-i deməkdir.

"Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır" - bu, il ilk dəfə qeyd olunan günün şüarıdır.

7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günü BMT-nin 20 dekabr 2018-ci il tarixli qərarı ilə təsis edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu günlə bağlı açıqladığı məlumatda isə bildirilir ki, 7 İyun Ümumdünya Qida Təhlükəsizliyi Günü ərzaq təhlükəsizliyinin qida məhsullarının təhlükəsizliyi ilə sıx bağlı olması, dünyada ərzaq istehsalat-təchizat zəncirinin daha da mürəkkəbləşdiyi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq təsis edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada hər il təxminən 600 milyon insanda müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların istehlak edilməsi nəticəsində qida zəhərlənmələri baş verir ki, bunun nəticəsində dünyadakı hər 10 insandan biri tibbi müayinəyə ehtiyac duyur. Təəssüf ki, qida təhlükəsizliyinin mahiyyətini insanlar yalnız kiçik və ya böyük miqyaslı qida zəhərlənmələri yaşadıqdan sonra anlayırlar. Bu səbəbdən təhlükəsiz qida ilə qidalanmadıqda mədə-bağırsaq infeksiyalarından tutmuş xərçəngə qədər 200-dən artıq xəstəliyə yoluxma halı baş verir.

“Ümumdünya Qida Təhlükəsizliyi Günü”nün qeyd olunması sözügedən təhlükələrə diqqət çəkmək üçün Kodeks Alimentarius Komissiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı ilə həyata keçirilir. Bu il “Ümumdünya Qida Təhlükəsizliyi Günü” dünyanın diqqətini qida təhlükəsizliyi mövzusuna çəkmək üçün “Qida təhlükəsizliyinə görə hər kəs məsuliyyət daşıyır” şüarı ilə keçirilir.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR