XƏBƏR

Hansı tibbi xidmətlər icbari tibbi sığorta sisteminə daxil edilməyib?

date 14 Fevral 2020

Hansı tibbi xidmətlər icbari tibbi sığorta sisteminə daxil edilməyib?

Azərbaycanda icbari tibbi sığorta sisteminə bu il daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb.

e-tibb.az APA-ya istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "İcbari tibbi sığorta üzrə məlumatlılığın artırılması" mövzusunda  informasiya sessiyasında bu barədə danışan Agentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov bildirib ki, bu il icbari tibbi sığorta sisteminə psixi davranış pozuntularınn müayinə və müalicəsi, QİÇS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlər daxil olunmayıb: "Agentlik çevik mexanizm üzərində işləyir. Ola bilsin ki, sonrakı illərdə bu xidmətlər də təminata alınsın. Bunlar əsasən, Dövlət Proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir". 

 

Ş.Eyvazov qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb: "Azərbaycanda 18 yaşınadək şəxslərin,  23 yaşınadək peşə, orta ixtisas və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin,  ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək".

Şöbə müdiri bildirib ki, aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının  əməkhaqqından icbari tibbi sığorta haqqı tutulacaq: "Yəni, minumum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq".

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR