BLOQ

Hamiləlikdə Rentgen: Pnevmoniya şübhəsi varsa...

date 4 Mart 2020

Hamiləlikdə Rentgen: Pnevmoniya şübhəsi varsa...

Hamiləlikdə Rentgenin faydaları…

İndi düşünürsünüz: Bu nə başlıqdı, yəqin doktorun başına hava gəlib? Onda biraz yaxın oturun, gəlin söhbət edək. Bir neçə ilin söhbətidir. Bir hamilə yüksək hərarət, qrip əlamətləri ilə xəstəxanaya təcili tibbi yardıma müraciət edir. On il sonsuzluqdan sonra süni mayalanma sonrası gələn 28 həftəlik hamiləlik və ailə hamiləlik üzərində əsir desək, yanılmarıq. Təcili tibbi yardımdakı terapevt kolleqam xəstəni müayinə etdikdən sonra, pnevmoniya şübhəsi ilə ağciyərlərin rentgeni təyinatını verir. İllər sonra gələn hamiləlik və rentgen müayinəsi və əlbəttə ki, xanım buna qəti şəkildə etiraz edir. Terapevt kolleqam xəstəyə bilgi vermək üçün mənə yönləndirir…

Sizi tibbi bilgilərlə yormaq istəmirəm. Bildiyiniz kimi Rentgen müayinəsi zamanı X-ray şüalarından istifadə edilir. 28 həftəlik hamiləlikdə dölə zərər verəbiləcək şüa dozası təqribi 250-280 mGy arasındadır. Bəs bir ağciyər rentgeni zamanı dölün aldığı şüa dozası təxmini nə qədərdir? Qat-qat aşağı, 0.01 mGy.

Təbii ki, bu bilgilərin işığında xəstəyə məlumat verirəm ki, əgər pnevmoniya şübhəsi varsa, ağciyər rentgeni edilə bilər. Xanım məsləhətlərə qulaq asmır və xəstəxananı tərk edir. Hardasa 3 gün sonra ciddi nəfəs darlığı, tənəffüs çatışmamazlığı ilə xəstəxanaya müraciət edəndə, dölün sağlamlığını özündən daha çox düşünən xanımın həyatı ciddi təhlükəyə girir. Süni tənəffüs aparatına baxmayaraq, xəstəmizin ağciyərləri yaxşı havalanmır, bunun bir səbəbi də hamiləlik zamanı artan qarın içi təzyiq idi. Reanimasıyadakı kolleqalarımız xanımın həyatını qurtarmaq üçün doğumun qaçınılmaz olduğuna qərar verirlər. Qeysəriyyə əməliyyatı ilə 28 həftədə doğulan körpənin də aqibəti ürəkaçan olmur, erkən doğumun fəsadlarından əziyyət çəkir. Nəticədə ana və körpə 2 ay sonra xəstəxanadan evə yazılırlar.

Hamiləlikdə qrip infeksiyası zamanı pnevmoniya hamilənin həyatını ciddi təhlükəyə ata bilər.

Əziz hamilələr, əgər pnevmoniya əlamətləri varsa, Rentgen göstərişi vacibdir. Öncə öz sağlamlığınızı düşünün, həkim məsləhətlərinə qulaq asın. Ailəyə sadəcə, körpə lazım deyil, ailəyə öncə sağlam ana lazımdır.

Əhməd Namazov - Ginekoloq, uzman həkim

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR