XƏBƏR

Günəş şüalarından qorunmayanda bu xəstəliklər yaranır - DİQQƏT!

date 18 İyul 2019

Günəş şüalarından qorunmayanda bu xəstəliklər yaranır - DİQQƏT!

Yayda uzun müddət Günəş şüalarının altında durmaq bütövlükdə orqanizm üçün çox ziyanlı sayılır. Amma Günəş şüalarının daha çox gözləri və dərini zədələdiyi bildirilir.

Mütəxəssislər hesab edir ki, Günəş şüaları hətta dəri xərçəngi, korluq kimi ağır fəsadlar yarada bilir.Cərrah-oftalmoloq Fariz Sadıqovun sözlərinə görə, uzun müddət ərzində Günəş şüalarının altında olan insanda ağır dəri xəstəliklərinin (dəri xərçənginə kimi) inkişafı riski artır. Lakin ultrabənövşəyi şüalar tək dəri üçün deyil, gözlərimiz üçün də çox ziyanlıdır.

Elm sübut edib ki, intensiv Günəş şüaları gözün həm xarici, həm də daxili strukturlarını zədələyir. Ultrabənövşəyi şüalar xüsusilə artıq hər hansı görmə pozulmaları olan insanlar üçün ziyanlıdır: “Uzunmüddətli şüalanma katarakta, el arasında "mirvari suyu" adlandırılan ağır göz xəstəliyinə səbəb olur. Vaxtında müalicə olunmamış katarakta korluq yaradır. Azərbaycanda katarakta xəstəliyinə çox tez-tez təsadüf edilir. Xroniki ultrabənövşəyi şüalanma hətta gözdə bədxassəli xəstəliklərin inkişafına səbəb ola bilər”.

Oftalmoloq onu da deyib ki, səhər və axşamüstü Günəşin gözlərə təsiri daha çox olur.

Həkim bildirib ki, dünyanın müxtəlif yerlərində UB-şüalarının intensivliyi müxtəlifdir. Ümumdünya Səhiyyə Təşkilatı müxtəlif ölkələr üçün xüsusi UB-indeks göstəricilərini işləyib hazırlayıb. Bu indeks 1-dən 11-12 kimidir. İndeksin göstəricisi 1 və 2 olduqda gündən qorunmaq lazım deyil. Bütün digər hallarda çölə çıxanda gün eynəkləri taxmaq, dərini gündən qorumaq lazımdır. Azərbaycanda UB-indeksinin göstəriciləri, demək olar ki, bütün il ərzində 1-2-dən yüksək olur. İnsanlar bunu mütləq bilməli və tədbirli olmalıdır.

Oftalmoloqun sözlərinə görə, gözləri gün şüalarından qorumaq üçün mütləq yaxşı keyfiyyətli UB-filtri olan gün eynəkləri seçmək lazımdır. Xüsusilə 15 yaşa kimi uşaqlar və yaşlı insanlar risk qrupuna daxildir və bu səbəbdən onların göz sağlamlığına qarşı daha diqqətli olmaq lazımdır. Göz eynəkləri üzdə kip oturmalıdır. Bu, çox vacibdir. Kontakt linzaları taxan insanlar UB-filtri olan linzaları seçməlidir. Bu gözlərin qorunmasına kömək edəcək.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR