BLOQ

Gözəl insan olmağa başla...

date 5 İyul 2020

Gözəl insan olmağa başla...

Gözəl bir səhifədə paylaşılan yazıma yazılan şərhləri gördüm. Təşəkkür edənlər də var, bəyənənlər də. "Bu dəhşətsaçıcı “virusdan” danışanda bu həkimlər niyə gülür görəsən?", "Onlar gülməsin kim gülsün, maaşları 5 qat artıb" yazanlar da. Düşünürsən, həqiqətənmi nələrlə mübarizə etdiyini bəlli etmədən ancaq pozitiv göndərmək üçün gülümsədiyin rəsm bu qədər hiddətə səbəb olur? Həqiqətənmi həkimlər də içində olmaqla, bu ağır pandemiya şəraitində insanlıq üçün bu qədər fədakarlıq edən peşə sahiblərini belə dəyərləndirirlər?

Həftə sonudur. Ölkədə sərt karantin rejimi. Yorğun, ümidsiz, nə edəcəyini bilməmək hissi və ətrafda zəhərli varlıqlar. Yox, belə hiss etməyə imkan verməyin özünüzə. O gözəl ruhunuz və cisminiz daha gözəl yaşamağa layiqdir. Daha gözəlini yaradın özünüz üçün. Duymayın enerjinizi oğurlayanları. "Çətindir, bu dünyada bu şərtlərlə necə xoşbəxt hiss etmək olar ki?" deyənlərə qulaq asmadan edin bunu.

“Bu dünya belə gəlib, belə də gedəcək", "Dünyanı sən dəyişəcəksən?'' deyənləri dinləmədən edin bunu. Bizi biz edən hərəkətə keçirdiyimiz düşüncələrimizdir. Biz kimik?- Biz yaratdıqlarımızın, etdiklərimizin cəmiyik. Özümüzü kəşf edərək çıxarıq yola. O yola ki, bizi aydınlığa aparır. Özümüzü hiss etdikdən sonra həyatı hiss edirik, öz ruhumuzu dinlədikdən sonra dinləməyi öyrənirik. At üstündən, "əgər"ləri, "kaş ki"ləri. “Edə bilsəydim əgər”lə başlayan cümlələr qurma. Əlbəttə, edərsən. Daha gözəlini yarada bilərsən. Elə indi qalx ayağa, içindəki səsi dinləməyə, düşünməyə başla, öyrənməyə başla, xəyalını həyata keçirməyə, görmək istədiyin dünyanı yaratmağa, gözəl insan olmağa başla. Həyat, sən dəyişdikcə dəyişəcək. Mən belə edirəm. Və bir gün dünyadan köçəndə o ət-sümük yığınının sahibi gözəl ruhu ilə, yaratdıqları ilə xatırlansın deyə edirəm.

 

Nigar Sədiyeva - Pediatr, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR