XƏBƏR

"Gözdə sulanma, qızartı varsa, həmən təlaşa düşməyin"-Həkimdən XƏBƏRDARLIQ

date 23 Aprel 2020

"Gözdə sulanma, qızartı varsa, həmən təlaşa düşməyin"-Həkimdən XƏBƏRDARLIQ

Dünyanı bürümüş koronavirus (SARS-CoV-2) xəstəliyinin göz ilə yayılması halları da istisna olunmur. Əlləri təmiz olmadığı halda gözlərini qaşıyan yaxud ona toxunan şəxs əlbəttə ki, virus və bakteriyaları gözünə ötürür. Gözün ön səthi 24 saat göz yaşı ilə yuyulur, lakin virulentliyi yüksək olan infeksiya ona qalib gələrək xəstəlik törədir.

Bunu e-tibb.az-a həkim-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva deyib. Bununla bağlı xarici mütəxəssislərin açıqlamalarına toxunan oftalmoloq qeyd edib ki, məlumatlara görə, bu virus gözün ön səthi və gözə müxtəlif mexanizmlə daxil olub gözün ön səthinin iltihabını (konyunktivit,eləcə də uveit, retinit, nevrit də) törədə bilər: “Covid-19 xəstələrinin yalnız 3 faizində konyunktivit müşahidə olunur. Fasiləsiz sulanma, qızartı, gözdə “yad cisim” hissi kimi diskomfort əlamətləri birneçə saat yaxud gün sonra digər simptomlarla (üşütmə, qızdırma, halsızlıq, boğazda qıcıqlanma-ağrı, öskürək) müşahidə olunarsa, özünü təcrid qaydalarına riayət etməklə vətəndaşlara təcili tibbi yardım xidmətinə müraciət etmələri məsləhət görülür”.

Həkim vurğulayıb ki, viruslu konyunktivit əlamətlərini hiss edən şəxs mütləq öz oftalmoloquna müraciət etməlidir, heç bir halda aptekdən yaxud özbaşına dərman alıb istifadə etməməlidir: “Belə ki, ixtisası oftalmoloq olmayan tibb işçisi ilk olaraq adətən antibiotik təyin edir. Bu isə viruslu konyunktivitlərin müalicəsində arzuolunmazdır. Gözlərdə fasiləsiz sulanma, qızartı, “yad cisim” hissi allergik mənşəli ola bilər. Bu, quru göz sindromundan əziyyət çəkmək nəticəsində də ola bilər. Buna görə təlaş etmək lazım deyil. Sadəcə, istənilən lubrikant-süni göz yaşı əvəzedicilərindən istifadə edə bilərsiniz”.

Oftalmoloq deyib ki, karantində olanlar və onlara xidmət edən personal, cəmiyyətlə sıx kontanktda olan, işləmək məcburiyyətində olan vətəndaşlar da eyni qaydada tərkibində aşağı konsentrasiyalı bor turşusu olan göz damlalarından (omkasa, tafazol və s.), göz yaşı əvəzedicilərindən istifadə edə bilərlər.

Virusdan qorunmaq yollarına gəlincə, həkim, təyin olunmuş rejimə və gigiyena qaydalarına əməl etməyi, əlləri tələb olunan şəkildə yumağı, lüzum olduqda dezinfektant, sanitayzerlərdən istifadə etməyi, evdən kənarda zinət əşyaları, aksesuarlardan istifadə etməməyi, uzun saçları toplamağı tövsiyə edib. A. Əliyeva, virusun aktivlik müddətinin fərqli materiallarda müxtəlifliyini nəzərə alaraq (30 dəqiqə kağız səthdə, 3saat havada, 1 gün taxta, 3 gün metal və plastik səthlərdə), eynək istifadəçilərinə gigiyenaya xüsusilə diqqətli olmağı məsləhət görür: “İstifadədən öncə və sonra hər gün istənilən növ eynəklərinizi (optik, Günəşdən qoruyan, sefti qoruyucu eynəkləri) adi maye-sabunlu suyla yuyub təmizləmək tələb olunur. Spirt tərkibli dezinfektantlar eynəklərdə müxtəlif məqsədlə təyin olunmuş örtükləri zədələyir, buna görə yalnız eynəyin gigiyenası üçün nəzərdə tutulmuş xüsusi məhlullardan istifadə etmək məsləhət görülür”.

Oftalmoloq, həmçinin bildirib ki, məhz linza istifadə etməklə Covid-19-a yoluxma halları müşahidə olunmasa da, profilaktika məqsədilə linza istifadəçilərinə imkan daxilində indiki halda eynəklə korreksiya məsləhət görülür: “Linza istifadəsini minimuma endirmək, məcburiyyətdən istifadə zamanı isə hər gün təbliğ olunan şəkildə əlləri yuduqdan sonra linza taxıb yaxud çıxarmaq, daha yaxşı isə gündəlik (birdəfəlik istifadə üçün nəzərdə tutulmuş) linzalardan istifadə məsləhətdir. Təyin olunmuş rejimdə evdə vaxt keçirmək üçün hamı telefon, kompüterdən və s. istifadə edir. Övladlarınızın və özünüzün gözlərinizi yükləməmək üçün hər 30 dəqiqədən bir 10 dəqiqəlik fasilələr vermək, göz gimnastikası (müxtəlif meridianlarda göz almasını hərəkət etdirmək, yuxarı-aşağı,sağa-sola,diaqonallara baxmaq, ən uzaqda ayırd edə bildiyiniz obyektə baxmaq, gözləri tez-tez qırpmaq) etmək məsləhətdir”.

Mütəxəssis daha sonra bildirib ki, hələlik xəstəliyin müalicə üsulları, peyvəndin ixtirası, ağırlaşmaların qarşısını almaq məqsədilə axtarışlar, araşdırmalar davam edir: “Xaricdə müalicə məqsədilə müvəqqəti istifadə olunan preparatların (xloroxin və hidroksixloroxin tərkibli dərmanlar) gözə də ağırlaşma verməsi, görmənin geridönməz itirilməsi, retinal degenerasiya ilə nəticələnməsi barədə məlumatlar verilir. Dünyada kəskin ağciyər çatışmazlığından hər gün yüzlərlə insan tələf olur. Bunları nəzərə alaraq tibb işçilərinin, dövlətin gördüyü işləri, sərf olunann əməyi puç etməmək, özümüzü, ailəmizi, ətrafdakıları qorumaq üçün tələb olunan qaydalara maksimum riayət etməliyik. Evdə qalın, aktiv olun, pozitiv olun, sağlam olun”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR