XƏBƏR

Gizli inkişaf edən, həyat tərzinə çevrilən sağalmaz xəstəlik - 14 noyabr Ümumdünya Diabet Günüdür

date 14 Noyabr 2020

Gizli inkişaf edən, həyat tərzinə çevrilən sağalmaz xəstəlik - 14 noyabr Ümumdünya Diabet Günüdür

14 noyabr Ümumdünya Diabet Günüdür.

e-tibb.az xəbər verir ki, əhali arasında ən geniş yayılan xəstəliklərdən biri də şəkərli diabetdir. Dünyada şəkər xəstələrinin sayı ildən-ilə artır.

Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə Ümumdünya Diabet Günü kimi qeyd olunmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2019-cu ildə 463 milyon insan yəni 11 nəfərdən 1-i diabet xəstəliyi ilə yaşayıb. Diabetli hər 2 nəfərdən 1-i isə hələ də öz xəstəliyindən xəbərsizdir. Bu isə diaqnoz qoyulmamış 232 milyon insan deməkdir. 2030-cu ilədək diabetli insanların sayının 578 milyona çatması gözlənilir.

Bu il Ümumdünya Diabet Günü  tibb bacılarının diabetli insanların dəstəklənməsində oynadıqları həlledici rolu barədə məlumatlılığı artırmaq məqsədi ilə “Tibb bacısı və diabet” mövzusuna həsr edilib.

Şəkərli diabet orqanizmdə maddələr mübadiləsinin pozulması nəticəsində qanda şəkərin miqdarının normadan artıq və ya az olmasıdır. Şəkərli diabet xəstəliyinin əsas səbəbi oturaq, az hərəkətli həyat tərzi, düzgün olmayan qidalanma, artıq çəki, piylənmə sayılır.

Sağlam qidalanma, fiziki aktivlik, zərərli vərdişlərdən uzaq olmaq və psixi sağlamlığı qorumaqla şəkərli diabet xəstəliyinin risk faktorunu azaltmaq olar.

Xəstəliyi nəzarətdə saxlamaqla vəziyyəti yaxşılaşdırmaq mümkün olsa da, şəkərli diabetin tam müalicəsi yoxdur. Bu gün bir çox mütəxəssislər şəkərli diabeti xəstəlik yox, həyat tərzi sayır, çünki onu idarə etmək, hər kəsin öz əlindədir. Şəkərli diabeti olub çox normal şəkildə həyatlarına, peşələrinə davam edənlər yetərincə çoxdur.

Ona görə də şəkər xəstələrinin daim nəzarət altında, pəhrizdə olmaları, sağlam həyat tərzi keçirmələri tələb olunur. Əks halda bu, ağır fəsadlara, ölümə səbəb olur.

Şəkərli diabet dünyada ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biri hesab edilir. ÜST-nin məlumatlarına görə, diabet dünya əhalisinin ölüm faizini 2-3 dəfə artırır.

Xəstəliyin risk qrupuna 24-60 yaş arasında olanlar daxil edilir.

Ötən il Azərbaycanda şəkərli diabet diaqnozu ilə ilk dəfə 27 157 nəfər qeydə  alınıb.

Onlardan 11 965 nəfəri kişi, 15 192 nəfərini isə qadınlar təşkil edib. Qeydiyyata alınmış xəstələrdən 173-ü 0-13 yaş qrupuna, 119-u 14-17 yaş qrupuna, 360-ı 18-29 yaş qrupuna, 26 505-i isə 30 və yuxarı yaş qrupuna aiddir. 

Bildirilib ki, ümumi saydan insulindən asılı şəkərli diabet xəstələrin sayı 1 265 nəfərdir. Onlardan 169-u 0-13 yaş aralığına, 102-si 14-17 yaş aralığına, 162-si 18-29 yaş aralığına, 832-si 30 və yuxarı yaş aralığına aiddir. 

Qeyd olunub ki, tibb müəssisələrində şəkərli diabet diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı, ilin sonuna 272 842 nəfər olub. Onlardan 123 120 nəfərini kişi, 149 722 nəfərini isə qadınlar təşkil edib. 

Tibb müəssisələrində qeydiyyatda olan insulindən asılı şəkərli diabet xəstələri isə 30 740 nəfər olub. Onlardan 950 nəfəri 0-13 yaş qrupuna, 833 nəfəri 14-17 yaş qrupuna, 3 507 nəfəri 18-29 yaş, 25 450 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.

2019-cu ildə xəstəxanalarda şəkərli diabetdən müalicə olunanların sayı 16 785 nəfər olub.

Ötən il şəkərli diabetdən  532-si kişi, 814-ü qadın olmaqla, 1 346 nəfər ölüb.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR