XƏBƏR

Fizioterapist kadrlar hazırlanacaq - ATU-da daha bir yenilik

date 13 Fevral 2020

Fizioterapist kadrlar hazırlanacaq - ATU-da daha bir yenilik

Azərbaycan Tibb Universiteti bakalavr təhsili pilləsində daha bir yeni ixtisas “Fizioterapist” ixtisasının açıldığını elan edib.

e-tibb.az xəbər verir ki, ATU-da bu yeni ixtisas üzrə bakalavriat səviyyəsində 4 illik tədris proqramı təqdim olunur. Dörd illik tam təhsil aldıqdan sonra məzunlar magistratura və ya doktorantura üzrə diplomdansonrakı təhsillərini davam etdirə bilərlər.

Fizioterapiya təbii prosedurlarla müalicə aparan müasir tibbin ən vacib qollarından biridir. Bu sahənin mütəxəssisləri fiziki problemləri olan xəstələrə - zədəli insanlara, əlilliyi olanlara və yaşlı insanlara kömək edirlər. Fizoterapiya belə xəstələrin hərəkət qabiliyyətini yaxşılaşdırmağa, gələcəkdə daha ciddi problemlərin yaranması riskinin qarşısının alınmasına kömək edir.

Fizioterapiya bir çox xəstəliklərin profilaktikası baxımından da ən gözəl vasitə sayılır. Bundan həmçinin ümumi müalicə kursuna əlavə üsul kimi istifadə olunur. Fizioterapiya təhlükəsiz müalicə üsullardan biri olduğuna görə, bu tip müalicə və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli istiqamətlərdən biridir.

Təhsil müddətində tələbələr fizioterapistliklə bağlı vacib bilik və bacarıqları əldə edəcəklər. Onlar xəstələrlə görüşüb diaqnoz qoyulmasında iştirak edəcəklər. Bundan sonrakı mərhələdə gələcək mütəxəssislər manual terapiya, müalicəvi idman və elektroterapiya kimi üsulların tətbiqi ilə bağlı müstəqil analiz aparacaqlar. Fizoterapistlər müalicə ilə yanaşı, xəstələrə gələcəkdə zədələrdən yayınmaq, bu vəziyyəti idarə etmək üçün məsləhətlər də verə biləcəklər.

ATU tibbin bu vacib sahəsini dərindən öyrənmək, insanlara bu cür yardım göstərməyi arzulayan gəncləri yeni ixtisası seçməyə dəvət edib.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR