XƏBƏR

Dəhşətli qədim xəstəlik: Dünyada 14 milyon insan ondan xilas olub

date 27 Yanvar 2020

Dəhşətli qədim xəstəlik: Dünyada 14 milyon insan ondan xilas olub

Azərbaycanda cüzam xəstələrinin sayı çox azdır və son illər ona rast gəlinmir.

e-tibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü ilə bağlı açıqladığı məlumatda bildirilir.

Cüzam bəşəriyyətə məlum olan ən qədim xəstəliklərdən biridir. Bu xəstəlik haqqında məlumatlara eradan əvvəl XV-X əsrlərə aid olan qədim yazılı abidələrdə rast gəlinir. Tibb elminin müasir uğurları sayəsində dünyada 14 milyon insan bu qorxunc xəstəlikdən xilas olub. Dünyanın təxminən 100-ə yaxın ölkəsində cüzam xəstəliyi tamamilə yox dərəcəsindədir. Lakin Hindistan, İndoneziya, Banqladeş, Braziliya və Mərkəzi Afrikanın bəzi ölkələrində bu xəstəlik ciddi problem olaraq qalır.

Azərbaycanda həmin xəstəliyə mübtəla olanlar Bakının Umbakı qəsəbəsi ərazisində yerləşən Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə olunurlar.

Cüzam xəstəliyini ilk dəfə 1873-cü ildə norveçli həkim Herhard Hanzen aşkar edib. Xəstəlik nəticəsində ən çox dəri, yuxarı tənəffüs yolları və periferik sinirlər zədələnir. Həmin toxumalarda xarakterik iltihab ocaqları - qranulomalar (onlara leproma deyilir) əmələ gəlir. Onu bəzən lepra və ya prokaza, yaxud Hanzen xəstəliyi də adlandırırlar.

Qeyd edək ki, hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü kimi qeyd edilir. Həmin gün 1953-cü ildə təsis edilib. Bu, bütün həyatını qorxunc xəstəliklə mübarizəyə həsr etmiş fransız yazıçısı və jurnalisti Raul Folleronun uzun illər göstərdiyi səylər nəticəsində mümkün olub. Bu günün qeyd olunmasında məqsəd problemə yalnız tibb işçilərinin deyil, həm də geniş ictimaiyyətin, inzibati idarəetmə orqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, xeyriyyəçiliklə məşğul olan fondların, dini icmaların və ayrı-ayrı şəxslərin diqqətini cəlb etməkdir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR