BLOQ

Emosional, tez-tez stresə məruz qalanların xəstəliyi: Qıcıqlanmış bağırsaq sindromu nədir?

date 10 Avqust 2020

Emosional, tez-tez stresə məruz qalanların xəstəliyi: Qıcıqlanmış bağırsaq sindromu nədir?

Müasir insanların tez-tez rastlaşdığı xəstəliklərdən biri də qıcıqlanmış  bağırsaq sindromu (QBS) xəstəliyidir. Bu xəstəliyə həm inkişaf etmiş, həm də inkişaf etməmiş ölkələrdə rast gəlinir. Statistikaya görə hazırda dünyada xəstəliyin rast gəlinmə tezliyi orta hesabla 20%-dir. Şəhər əhalisi kənd əhalisinə nisbətən bu xəstəliklə daha çox xəstələnirlər. Son illərdə bu sahədə intensiv araşdırmalara baxmayaraq hələ də QBS tam öyrənilməmiş, diaqnostikası və müalicəsi tam təyin edilməmiş xəstəliklərdəndir. Bağırsaqların işi orqanizmin xüsusiyyətlərindən asılıdır. Adətən bağırsaq pozğunluqlarına emosional, tez-tez streslərə məruz qalan psixi davamsız şəxslər məruz qalırlar. QBS - belə demək mümkündürsə, insan həyatının adi gündəlik hadisələrinə ağrılı reaksiya verən həddindən artıq həssas olan bağırsaqdır. Bu adı səhər yeməyi, işə hazırlaşma, hər hansı bir görüş, rəisin çağırışı və ya yaxın adamla mübahisə ola bilər.

Xəstəliyin əsas simptomları nəcis ifrazı sayının artması, nəcisin formasının dəyişməsi və selikli olması, nəcis ifrazının çətinləşməsi, qarında köpmə və qurultudur. Yaş həddinin 20-50 arası olması, əhvalın tez-tez pozulması, qarnında qurultu, qaz yığılması və ürəkbulanma hiss edilməsi, qəbizlik və ya ishal, defekasiya zamanı və ya ondan sonra xoşagəlməz hissiyyatların olması, bağırsaqlarda 3 aydan artıq davam edən ağrılar narahat etməsi xəstəlik ehtimalı
daha çox olmasına dəlalət edir. Bağırsağın qıcıqlanması sindromunun müalicəsi pəhrizdən, dərman müalicəsindən, sanatoriya-kurort müalicəsindən ibarətdir. Yağlı yeməklər, sitrus meyvələri, soğan, sarımsaq, turp, çuğundur verilməsi məhdudlaşdırılır. 

Qarın ağrıları, bağırsağın spastik halı, köplə müşayiət olunan hallarında ağrıkəsici və spazmolitiklərdən istifadə olunur. Eyni zamanda qəbzlik zamanı mədə-bağırsaq sisteminin motorikasını artıran, ishal zamanı motorikanı zəiflədən preparatlardan istifadə olunur. Həmçinin sakitləşdiricilər təyin oluna bilər. Bəzən psixoloqun konsultasiyası ehtiyacı yaranır. Xəstələrin reabilitasiyası sanatoriya-kurort müalicəsi vasitəsilə aparılır.

 

Azər Nağıyev-Həkim-infeksionist

e-tibb.az üçün

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR