BLOQ

Düzgün kosmetik vasitə seçməyin 5 sirri

date 28 Fevral 2020

Düzgün kosmetik vasitə seçməyin 5 sirri

Müasir dünyada kosmetik vasitələr həm qadınlar, həm də kişilər tərəfindən geniş istifadə olunmaqdadır. Bizlər, həkimlər də ziyanlı olduqlarını bildiyimiz halda makiyajsız günlük həyatımızı təsəvvür etmirik. Bu səbəblə, təhlükəli olduğunu vurğulamaqla yanaşı, doğru məhsul seçiminin ipuclarını sizinlə paylaşmanın daha faydalı olduğuna inanıram.

1. Hər birimiz marketdə süd və ət məhsulları aldığımız zaman son istifadə tarixinə mütləq baxırıq. Lakin Günəş qoruyucu və ya nəmləndirici krem alanda bunu etməyi unuduruq. Əczaxanada alınan məhsullarda çox vaxt açıq tarix yazılır, lakin dekorativ kosmetikada bəzən bu məlumat sirr kimi kodlanır. Bu məlumatı əldə etmək üçün bir detektiv kimi araşdırma aparmamız lazımdır. Əldə etdiyimiz məhsulun “batch code” deyilən nömrəsini ancaq  http://checkcosmetic.net/ kimi xüsusi saytlardan tapıb istehsal edilən tarixini əldə edə bilərik.

2. “Son istifadə tarixini bildiyimiz bir kremi açandan sonra nə qədər müddət güvənlə işlədə bilərəm” sualı əlbəttə ki, ağlınıza gəlib. Rəfiqələrə soruşmaq yerinə qutunun üstündə 6M, 12M, 24M kimi işarətlənən yazını axtarın. Bunun anlamı “açılandan sonra 6,12 vəya 24 ay istifadə oluna bilər” deməkdir.

3. Son zamanlar heyvanlar üzərindən test edilməsi heyvansevənlər tərəfindən əngəllənməktədir. Bir çox tanınmış brendlər heyvanlar üstündə test aparmadıqlarını qürurla söyləyərək bizi sevindirir. Lakin bunun mənfi tərəfləri də var. Əvəllər insanlara istifadəyə verilməzdən əvvəl, yağ vəzləri ilə zəngin olan dovşan qulağında yoxlanılan kremlər, birbaşa bizlərə istifadəyə verilməkdədir. Bu növ məhsulları daha diqqətlə az-az çəkməkdə fayda var.

4. Makiyaj, günlük baxım kremi seçərkən dərimizin növü haqqında məlumatımız olmalıdır. Burun üstündə qara nöqtələr, yanaqda geniş məsamələr, saçda yağlanma və az da olsa sızanağınız olarsa dəriniz yağlı-qarışıq növdədir. Markası tanınmış, qiyməti yüksək olsa belə, dəri növünüzə uyğun olmayan məhsul, makiyaja bağlı olan “Acne Cosmetica” adlandırılan problemə səbəb ola bilər. Tərkibində shea butter, zeytun və kakao yağı, lanolin olmamasına diqqət yetirin. Maraqlı faktdır ki, neftdən əldə edilən olduqça yağlı vazelinin sızanaq yaratma ehtimalı çox aşağıdır. Dəriniz quru, qabıqlı isə özəlliklə yuxarıda sayılan maddələrə üstünlük verin.

5. Parabenin təhlükəli olduğu artıq sirr deyil, bu haqqda danışmayacam. Lakin dekorativ rəngli kosmetikada gizli bir düşmənimiz süni rəng maddələridir. Yanaq, dodaqdaki cazibədar qırmızı, qöz qapaqlarımızdaki müxtəlif tonları FD&C, D&C olaraq kodlanan piqmentlərə borcluyuq. Bir qadının həyatı boyunca istər istəməz 3 kiloya yaxın pomada “yediyini” diqqətə alarsaq, bu maddələrin əhəmiyyəti anlaşılır. Ən təhlükəlisi D&C Red 9 olanı sayılır. Təəssüf ki, karmen kimi təbii rənglər daha az istifadə olunur.                                                                                                Müasir Azərbaycanda yaşayan, ölkəmin baxımlı gözəl qadını əlbəttə ki, kosmetik vasitələrdən istifadə edir. Lakin gözübağlı reklamlara aldanmadan daha şüurlu seçimlər etməyinizi tövsiyyə edirəm.                  

Hər zaman gözəl və təravətli olmanız arzusu ilə

Uzman dermatoloq Leyla Mirzoyeva, Xüsusi olaraq e-tibb.az üçün

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR