BLOQ

Dünyanı uşaqlara verək...

date 1 İyun 2020

Dünyanı uşaqlara verək...

“Dünyayı çocuklara verelim, bir günlük de olsa öğrensin dünya arkadaşlığı”.

Böyük ustad, Nazım Hikmət necə gözəl təsvir edib. O qədər gözəl bir ünsiyyət ki, onların ünsiyyəti, onların duyğuları, onların dostluğu. Saf, səmimi, sevə bilən, xoşbəxtliyin sirlərinə hakim, görən gözlü filosoflardır- uşaqlar. Bu gün onların günü. Bu gün özəl bir gündür-1 iyun təqvimdə ən sevdiyim günlərdən biridir. 1 İyun Uşaqların Beynəlxalq  Müdafiəsi Günüdür. Uşaqların- dürüst, köməyimizə, şəfqətimizə möhtac, riyakarlıqdan uzaq, düşündüklərini söyləmək cəsarəti olan, çox sevdiyimiz, amma istədikləri diqqəti ayıra bilmədiyimiz canlarımızın günüdür. Biz bu günə nə qədər hazırıq? Dünyamızda uşaqların vəziyyəti necədir? Dünyamız qorxunc hala gəlib. Bu gün dünyada 152 milyon uşaq fəhləlik edir, təxminən 70 milyon uşaq təhlükəli işlərdə çalışır. Bütün uşaqların sağlam yaşamaq, inkişaf etmək, təhsil almaq, narkotik asılığından qorunmaq, düşüncə və söz azadlığı hüquqları vardır. Almayaq hüquqlarını əllərindən. Təbii doğumla doğula bilərkən, kosmetik səbəblərlə əməlliyyata getməyək. Ana südü ilə qidalana bildiyi halda, başqa qidalarla bəsləməyək. Göstəriş olmadan antibiotiklər verməyək. Peyvəndlərlə qoruna bilmə şansı varkən, əsassız bəhanələrlə peyvəndlərdən qaçırıb, riskə atmayaq. Sağlamlıqlarına, inkişaflarına dəstək olaq, müayinələrini təxirə salmayaq. Şəfqətlə qulluq edək, keyfiyyətli səhiyyə xidmətləri və təhsillə təmin edək. Uşaq gəlinlər, uşaq fəhlələr utandırmalıdır bizi. Uşaq istismarı və laqeydliyini yox etmək üçün əlimizdən gələni edək. Pozmayaq uşaqların hüquqlarını. Düşüncələrinin önünü açıb, sağlam inkişaf etmələrinə şərait yaradıb, ildə bir gün yox, həmişə qoruyaq hüquqlarını! Dünyanı uşaqlara verək, ədalətli idarə etsinlər deyə. Dünyanı uşaqlara verək, müharibələrsiz qardaş kimi yaşamağı öyrətsinlər diyə. Dünyanı uşaqlara verək, paylaşmağı, bərabərliyi, riyasız, yalansız, gücə ehtiyac duymadan, səmimi yaşamağı öyrətsinlər deyə...  Uşaqlar üçün çalışaq, sağlam bünövrə qoyaq. Gözəl gələcək inkişaf etmiş beyinlər inşa edək. Bir uşaq üçün bir ölkə çalışmalıdır ki, o bir uşaq da zamanı gəlincə bir ölkəni xilas edə bilsin. Uşaq gəlinlərin, uşaq fəhlələrin, istismarın, laqeydliyin olmayacağı dünya diləyiylə, dünyamızı gözəlləşdirmək üçün çalışan, uşaq və gənclərin hərtərəfli inkişafına töhfələr verən hamını bu önəmli gün münasibətilə təbrik edir, uşaqlarla birlikdə gözəl günlər arzu edirəm.

Nigar Sədiyeva - Pediatr, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR