BLOQ

Dünyamızın koronavirus bəlası: Necə qorunmalıyıq?

date 27 Mart 2020

Dünyamızın koronavirus bəlası: Necə qorunmalıyıq?

İlk dəfə Çinin Uhan şəhərində 2019-cu ilin dekabr ayında aşkarlanan və COVID-19 adı verilən xəstəlik törədicisi olan koronavirusa bu gün artıq Antarktida istisna olmaqla bütün qitələrdə rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya elan etdiyi bu xəstəliyə artıq yarım milyondan çox insan yoluxub, 23 mindən çox insan həyatını itirmişdir. 100 mindən artıq insan tibb işçilərinin gərgin əməyi nəticəsində sağalaraq normal həyata qayıtmışdır. Hər gün dünyanın fərqli ölkələrindən minlərlə yeni xəstələnmə halları haqqında məlumatlar gəlir.

 

Virusun hansı xüsusiyyətləri var?

 

Koronavirus, insan və quşlarda, məməlilərdə xəstəliyə səbəb olan Coronaviridae ailəsindən olan RNT tərkibli virusdur. Bu virus ətraf mühit təsirlərinə az davamlı olub insanın əksər hallarda tənəffüs yollarını zədələyir. Virusun əsasən heyvanlardan insana keçməsi haqqında məlumat verilsə də, sonradan insandan insana keçdiyi, insanlar arasında yayıldığı məlum oldu. Belə bir vəziyyət onların mutasiya etdiyini deməyə əsas verir. Virus insandan insana yaxın təmas, nəfəs və öskürək yoluyla yayılır.

ÜST virüsün "inkubasiya" dövrünün, yəni infeksiyanın yoluxduğu andan kliniki əlamətlərin başlamasına qədər olan vaxtın 14 gün olduğunu qəbul etmişdir. Virusa yoluxanlarda əksər hallarda ilkin olaraq bədən hərarəti yüksəlir. Sonradan intoksikasiya əlamətləri artaraq quru, bəzən isə bəlğəmli öskürək başlayır. İştahsızlıq, çəki itirilməsi, qarın nahiyəsində ağrı və şişmə, gözün sulanması, başgicəllənmə kimi əlamətlər də müşahidə oluna bilər. Birinci həftənin sonunda isə tənəffüs çatışmazlığı ortaya çıxır. Çin alımləri bəzi insanların xəstəliyi əlamətsiz keçirərək bilmədən infeksiyanı aktiv şəkildə yaydığı barəsində məlumat verirlər.

Hazırkı vaxtadək virusun spesifik müalicəsi kəşf edilmədiyindən müalicə ümumi qəbul olunmuş terapevtik prinsiplərlə aparılır. Xəstənin immun sistemi virusla mücadilə apara bilənədək müalicə həyati vacib orqanların funksiyalarının və tənəffüsün dəstəyi ilə aparılır. Dünyanın müxtəlif ölkələrində və xəstəxanalarında bir sıra dərman preparatları test edilərək müalicədə effektivlikləri yoxlanılır.

 

Xəstəlikdən necə qorunmaq olar?

 

Ən gözəl profilaktik tədbir peyvəndləmə olsa da, hazırda bu xəstəliyə qarşı peyvənd təəssüf ki, mövcud deyil. Bu sahədə dünya üzrə intensiv iş aparılır. Bəzi peyvəndlərin heyvanlar üzərində tədqiqatlarının aparıldığı haqqında məlumatlar verilir. İlin sonuna qədər peyvəndin insanlar üzərində sınanılması planlaşdırılır.

Bu səbəbdən də ÜST virusdan qorunmaq üçün hələlik bu tövsiyyələr verir:

       - əllərinizi tez-tez yuyun - sabun və ya əl gigiyenik vasitələri virüsü öldürə bilir;

       - öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu kağız dəsmalla örtün və sonra isə dəsmalı bağlı zibil qutusuna ataraq əllərinizi mütləq yuyun;

       - gözlərinizə, burnunuza və ağzınıza toxunmaqdan çəkinin - əlləriniz virusun dəydiyi bir yerə toxunursa virus bədəninizə keçə bilər;

       - öskürən, asqıran və ya bədən hərarəti yüksək olan insanlardan uzaq durun – 1,5-2 metr uzaqlıqda durmaq virusdan qorunmağınıza xidmət edər.

 

Virus nə qədər ölümcüldür?

 

ÜST-nın 44 min xəstə üzərində apardığı müşahidələrə əsasən virusun yoluxduğu insanların: 81%-i xəstəliyi yüngül, 14%-i orta-ağır, 5%- isə ağır keçirir. Xəstəliyin 9 yaşıdan kiçik uşaqlarda demək olar ki, rastlanmadığı halda 65-dən yuxarı yaş qrupunda olanlarda, tənəffüs yolları xəstəliyi və immun sistemi zəif insanlarda ölüm faizinin çox yüksək olduğu bildirilir. Ancaq bütün bu məlumatlar bu günün durumunu əks etdirir. Pandemiyanın xarakterinin bundan sonrakı vaxt ərzində necə dəyişəcəyini tam proqnozlaşdırmaq mümkün deyil.

 

Pandemiyanın qarşısı necə alına bilər?

 

Peyvəndin istehsal edilərək yaxın günlərdə tətbiq ediləcəyi real görünmədiyi üçün əldəki tək seçim virusa yoluxmaqdan qorunmaq,  yoluxmuş insanların aktiv şəkildə aşkar edilərək təcrid etmək və müalicə etməkdir. Bunun üçün ölkəmizdə karantin tədbirləri qəbul olunmuşdır. Bu qaydalar bütün təşkilatlar və hər bir vətəndaş tərəfindən bütün məsuliyyəti ilə yerinə yetirilməlidir. İnsanların bir-birilə ilə təmasdan mümkün qədər təcrid edilməsi, məhdudlaşdırıcı və sağlamlaşdırıcı tədbirlər nəticəsində xəstəliyin yayılmasına qalib gəlmək olar.

 

 

Azər Nağıyev-Həkim-İnfeksionist

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR