XƏBƏR

Dünyada HİV-lə yaşayan 38 milyon insan var, onlardan 1,8 milyonu uşaqlardır

date 1 Dekabr 2020

Dünyada HİV-lə yaşayan 38 milyon insan var, onlardan 1,8 milyonu uşaqlardır

Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. 2020-ci ildə bu gün "Beynəlxalq Həmrəylik, Ümumi Məsuliyyət" şüarı altında qeyd olunur.

Dünya ölkələri səhiyyə nazirlərinin əhalinin immun çatışmazlığı ilə əlaqədar 1988-ci ildə keçirilmiş sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə hər il dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib.

Qazanılmış İmmun Çatışmazlığı Sindromu – QİÇS insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Bu xəstəliyə düçar olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin həmin insanlara münasibətini dəyişdirmək üçün tədbirlər görülür, tibbi, maddi və digər yardımlar göstərilir.

e-tibb.az xəbər verir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova bu günlə bağlı ölkədə bu xəstəliklə bağlı vəziyyətd haqqında məlumat verib. 

Mərkəz rəhbəri Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlərdən danışıb. Onun sözlərinə görə, BMT-nin HİV / QİÇS üzrə Birgə Proqramına (UNAIDS) görə, hazırda dünyada 38 milyon HİV ilə yaşayan insan var. Bunlardan 1.8 milyonu 14 yaşdan kiçik uşaqlardır. Artıq 25.4 milyon insan həyat üçün zəruri antiretovirus müalicəsinə (ART) başlayıb, 12 milyonu isə hələ də öz müalicə növbəsini gözləməkdədir. Təxminən 7,2 milyon insan yoluxduqlarını bilmir. 

Azərbaycana gəlincə, ümumilikdə, 1 dekabr 2020-ci il tarixinə İİV ilə yaşayan 7247 nəfər mərkəzdə rəsmi olaraq qeydiyyata alınıb, onlardan 1864 nəfər QİÇS mərhələsindədir. İİV infeksiyasından ölənlərin sayı 1082 nəfərdir. 2020-ci ilin ilk 11 ayı ərzində Azərbaycanda 494 yeni yoluxma halı təsdiqlənib. 484 nəfər (98.0%) Azərbaycan vətəndaşı, 10 nəfər (2.0%) əcnəbidir. Azərbaycanın yoluxmuş 316 (65,3%) vətəndaşı kişi, 168-i (34,7%) isə qadındır.

E.Alməmmədovanın sözlərinə görə, profilaktikanın təsirli bir vasitəsi əhalini xəstəliyin özü, yoluxma yolları və qarşısının alınması üsulları haqqında geniş məlumatlandırmaqdır, eyni zamanda vətəndaşları İİV testindən keçməyə sövq etmək də olduqca vacibdir: “Son onilliklər ərzində davamlı profilaktik tədbirlərin həyata keçirilməsi ölkəmizin əhalisinin testlərdən keçirilmə əhatəsinin daha da genişləndirilməsini təmin edib. COVID-19 pandemiyasına baxmayaraq, İİV testi ilə əhatə nisbəti azalmayıb: bu ilin 10 ayı ərzində 75.499 İİV testi aparılıb.

Mərkəz rəhbəri qeyd edib ki, Səhiyyə Nazirliyinin və dövlətin həyata keçirdiyi tədbirlərin effektivliyinin başqa bir real nəticəsi İİV- xəstələrinin 74,7 faizinin dispanser nəzarətində olması və ÜST tərəfindən tövsiyə olunan müasir sxemlərə əsasən lazımi müalicənin alınmasıdır. COVID-19 pandemiyası dövründə Azərbaycanın Səhiyyə Nazirliyinin səyləri ilə antiretovirus terapiyasının təmin edilməsi sabit qalıb: bütün dərmanlar UNDP vasitəsi ilə alınıb və ölkəyə çatdırılıb. 

E.Alməmmədova bildirib ki, koronavirus pandemiyası hamının ümumi təhlükəsizliyinin hər kəsin individual bir təhlükəsizliyindən birbaşa asılı olduğunu aydın şəkildə nümayiş etdirib. Onun fikrincə, istənilən uğurlu nəticəni əldə etmək üçün ehtiyacı olan hər kəsə daima vaxtında yardım göstərmək lazımdır. 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR