BLOQ

Çoxdöllü hamiləlik: Biz nəyə sevinirik?

date 27 May 2019

Çoxdöllü hamiləlik: Biz nəyə sevinirik?

Kim istəməz ki, birinci hamiləlikdə birdəfəlik iki uşağa sahib olsun.

Bu barədə atalar sözü var: bir gülləylə iki dovşan vurmaq.

Amma bilirsiniz də, hamiləlik təbii hal olsa da, risklərlə dolu təbii haldır. Bunun düşüyü var, qanaxması var, vaxtından əvvəl doğuş, təzyiq, zülal, doğuşdan sonra qanaxma, qızdırma.

Bir də əkiz, üçüz hamiləlik düşünün, bu risklər ikiqat, üçqat olur artıq.

Altını, yeddini demirəm daha...

Əlbəttə, hamilə qadın sevinir əkiz, üçəm olanda. Hələ bilmir onu gözləyən təhlükələri. Biz ki bilirik, biz həkimlər.

Biz nəyə sevinirik?!

Çoxdöllü hamiləliyi aparmaq və uğurla başa çatdırmaq, əlbəttə ki, həkimin zəfəridir. Amma başa çatdıranda sevinirik, əvvəlində yox.

Elmi dildə desək, çoxdöllü hamiləlik patoloji hamiləlikdir və bunu təbliğ etməyə, bunu yaxşı şeymiş kimi qələmə verməyə, buna sevinməyə bir həkim kimi ixtiyarımız yoxdur.

Sonsuzluq müalicəsi nəticəsində çoxdöllü hamiləlik arzuolunan nəticə deyil. Pasiyent buna sevinə bilər, amma həkim bilir ki, məqsəd əslində tək döllü hamiləlik idi.

Hətta biz sonsuzluq müalicəsində dərman dozasını elə seçməliyik ki, 1-2 yumurtadan artıq yetişməsin ki, 3-4 döllü hamiləlik olmasın.

O 3-4 dölü 9 aya çatdırmaq olmur. 6-7 ayında düşüb hamısı tələf olur. Hətta bu olmasın deyə, döllərdən birini ya ikisini ana bətnində tələf etmək də mümkündür və bu metod geniş tətbiq olunur.

21-ci əsrdə bütün bunlar bilinirkən, çoxdöllü hamiləlik olmasın deyə Avropada süni mayalanmada birdən artıq rüşeym qoyulmasına icazə verilməzkən, 4, 5, 6 və daha çox döllü hamiləliklər tibbi ağırlaşma sayılırkən, şikayət və təzminat mövzusuykən, bizim 7 döllü hamiləliyə sevinməyimiz gülməlidir. Ya da ki, ağlamalıdır. Ona görə gülməlidir ki, deməli ya dərmanın dozasını artıq vermişik, ya da dərmana orqanizm çoxlu yumurta ilə reaksiya verəndə həmin ay hamilə qalmağı yasaqlamağı unutmuşuq, başqa sözlə desək, həkimlikdən xəbərimiz yoxdur.

Ona görə ağlamalıdır ki, 4-5 aya o döllər hamısı birdən düşəcək və müayinə zamanı çağırdığımız sehrli ilahi qüvvələr də köməyə çata bilməyəcək. Sonuncu dəfə nə vaxt 7 uşağın birdən doğulduğunu görmüsüz ki?! 7 olmasın, beş ya altı olsun.

"7 oğul istərəm" filmində də hamısını birdən istəmir ki, ardıcıl olsun, deyir də.

Əziz oxucular. Həkimlik bir elmdir. Bu elm tibb universiteti və fakültələrində müəllim-professor heyəti tərəfindən çoxsaylı kitablar vasitəsilə 6 il ərzində öyrədilir. Həkimlik həm də bir sənətdir. Bu sənət xəstəxanalarda xəstələrlə işləyərək 4-6 illik rezidentura-ixtisas təhsili ilə öyrənilir.

Necə ki avtomobil sürənin sürücülük vəsiqəsi olmalıdır, həkimin də alnının təriylə qazandığı, oxuyub, öyrənib, imtahanlar verərək əldə etdiyi diplomu və ixtisasını təsdiq edən sənədi olmalıdır.

Sözümün canı odur ki, canınızı əmanət edəndə həkimlərə əmanət edin, işinin nəzəriyyəsini bilən, təcrübəsini bilən, verdiyi dərmanın təsirini bilən, dozasını bilən həkimlərə.

Əkiz hamilə qalanda bilin ki, bu riskli hamiləlikdir. Üçəm olanda embrion reduksiyasını düşünün. Dörd və daha artıq döl olanda artıq dualar da kömək etməz o uşaqlara, ordan sürətlə uzaqlaşın.

Övlad arzusunda olanlara təkdöllü hamiləlik arzu edirəm. Bütün hamilələrə salamat doğum, qorunmaq istəyənlərə də effektiv metodlar diləyi ilə...

Rəşad Sultan - cərrah-ginekoloq, uzman həkim

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR