MÜSAHIBƏ

“Çox ayaqüstə qalmaq, az su içmək, hündürdaban ayaqqabı geyinmək tromb yaradır” - MÜSAHİBƏ

date 6 May 2019

“Çox ayaqüstə qalmaq, az su içmək, hündürdaban ayaqqabı geyinmək tromb yaradır” - MÜSAHİBƏ

Son illər tromb - tromboz, emboliyalardan ölüm hallarının artdığı bildirilir. Bütün bunlar daha çox qəfləti ölümlərin əsas səbəblərindən biri kimi göstərilir. Bu problemlər nədən yaranır? Damarlarda tromb yarandığını necə bilmək olar? Trombları təhlükə yaratmayacaq dövrdə, vaxtında aşkarlamaq mümkündürmü?

 Respublika Müalicəvi Diaqnostika Mərkəzinin invaziv radioloqu, uzman həkim Ağakişi Yəhyayev e-tibb.az-ın bu mövzuda suallarını cavablandırıb.

- Ağakişi həkim, son illərdə əhali arasında trombla bağlı problemlərə geniş rast gəlinir. Tromb nədir, necə əmələ gəlir?

- Tromb damarın tıxacıdır. Trombun əmələ gəlməsi üçün damarda 3 faktor var. Onlardan biri qan  axan damarın içindəki sürətin azalması, ikincisi, qanın qatılığının artmasıdır. Qan nə qədər qatıdırsa, bir o qədər də tromblaşmağa meyllidir. Üçüncü faktor isə divarda olan hər hansı kələ-kötürlükdür. Yəni hamar damarın içində qan daha tez axar, kələ-kötür damarın içində qan daha zəif axar və tromblaşar. Tromb qanın qatılaşması, tıxacın əmələ gəlməsi deməkdir.

- Ən çox hansı damarda tromba rast gəlinir?

- Tromblar həm venalarda, həm də arteriyalarda əmələ gələ bilər. Ümumiyyətlə, sıxlığına görə arteriyalarda tromblar daha çox əmələ gəlir. Çünki trombun əmələ gəlməsində damar divarının kələ-kötürləşməsi dediyimiz faktor bir xəstəlik olaraq ateroskleroz deyilən xəstəlikdir. Bu arteriyalarda daha çox əmələ gəlir. Ona görə də birinci yerdə ürəyin tac damarları, sonra da yuxu damarları gəlir. Venalara gəlincə,  birinci yerdə aşağı ətrafların venalarıdır.

- Bəs bunun əlamətləri hansılardır?

- Aşağı ətraf venalarında əlamətlər iki cürdür, dərində və səthdə olanlar. Səthdə olanlar gözlə görünür, ilan kimi qıvrım damarlar, yaşıl rəngdə venalar çıxır. Bəzən damarın içi də laxtalanır, biz onu daha bərk halda görürük. Bu səthi venaların tromblaşmasıdır. Bir də dərin venaların tromblaşması var ki, bu zaman birinci növbədə ayaq şişir, insan yorğunluq hiss edir, bir ayaq digər ayağa görə onu “aldadır”. Yəni gözləntilərini qarşılamır, həcmi artır. Bu əlamətlər varsa, artıq həkimə müraciət etmək lazımdır.

- “Dərin vena” nə deməkdir?

- Ümumiyyətlə, bizim ayağımızın qanının 85 faizi dərin vena ilə, 15-20 faizi səthi venalarla gedir. Bu ona görədir ki, dərin venalar daha qalın diametr, səthi venalar isə daha zəif diametrdədir. Dərin venalar gözlə görünmür, səthi venalar isə görünür. Dərin venalar tutulduğu zaman biz onu görə bilmərik. Ayaq çox gözəl də görünə bilər, amma ayaq şişər, yorular, ayaqda daha uzun müddətli yaralar əmələ gələr. O hal daha təhlükəlidir və təəssüf ki, cərrahi müalicəsi yoxdur.

 - Estetik cəhətdən gözəl görünmədiyi üçün trombla bağlı daha çox qadınlar həkimə müraciət edirlər. Yəqin ona görə deyirlər ki, bu xəstəliyə daha çox qadınlarda rast gəlinir...

- Faiz etibarilə səthi venoz trombozlara qadınlarda daha sıx rast gəlinir. Bunun bir çox səbəbləri var. Birinci faktor qadın hormonlarıdır. İkinci ən önəmli faktorlar hamiləlikdir. Yəni qarın içi təzyiqin artması qadınlarda kişilərə görə daha çox olur. Ona görə də qadınlar venoz çatışmazlığı, varikoz problemləri ilə daha çox rastlaşırlar. Amma həkimə müraciət etmə səbəbləri sadəcə, bunlar deyil. Bir az burada işin estetik tərəfi də var.

- Diaqnoz necə qoyulur?

- Xəstəliyin diaqnozunun qoyulması çox rahatdır. Hazırda USM, tomoqrafiya, MRT, rentgen kimi fərqli-fərqli üsullar var. Bunların heç birinə ehtiyac olmadan sadə bir doplerlə diaqnozu qoymaq mümkündür. Trombun orda əmələ gəlib, daha yuxarıya gedib-getmədiyini təbii ki, tomoqrafiya ilə təyin etmək olar. Amma sırf aşağı ətrafların venozların diaqnozu doplerlə qoyulur.

- Bəs müalicə necə aparılmalıdır?

- Müalicə üsulları fərqlidir. Bunlar trombun dərin yoxsa səthi venalarda olmasına görə dəyişilir. Səthi venalarda, təbii o damar artıq sıradan çıxıbsa və insan fiziologiyasında bir rolu yoxdursa, artıq o venanı çıxarırlar. Hazırda insanın ayağını əməliyyat edib həmin venanı çıxarmaq metodu ilə yanaşı, o venanın içini lazerlə yandırmaq metodu da icra olunur. Məqsəd odur ki, venanın içinə qan gəlməsin, vena incə bir sapa dönsün və dəri altında itib getsin. Dərin venoz çatışmazlıqlarda xəstə dərin venaların trombozu ilə bağlı müraciət edirsə, bu, daha ciddi hal sayılır. Birmənalı olaraq trombları qan durulaşdırıcılar vasitəsilə, kataterlərlə aspirasiya etməklə, içinə qan durulaşdıcırı dərmanlar vurmaq vasitəsilə müalicə olunurlar. Amma təəssüf ki, uzun müddətli venoz çatışmazlığın hələ ki, təbabətdə köklü müalicəsi yoxdur.

- Deməli, bu xəstələr mütəmadi olaraq müalicə almalıdırlar? Cərrahi yolla da mümkün olmur?

- Dərin venalarda olan problemin cərrahi yolla da müalicəsi yoxdur. Sadəcə, səthi venalarda olan problemin birdəfəlik müalicəsi var.

 - Hansı tromblar ölümə səbəb olur?

- Dərin venaların trombları ölümə səbəb olur. Onlardan biri də ağciyər emboliyasıdır, yəni laxtanın qopub ağciyər arteriyalarına ötürülməsi. Bu, ürək-damar xəstəliklərindən ölmə səbəbləri arasında üçüncü yerdə durur. Çox ciddi bir ağırlaşmadır.

- Tromb nə zaman riskli sayılır?

- Bir neçə xəstə qrupu var ki, onlar ağciyər emboliyasına (trombuna) meyllidirlər. Ümumi desək, kimin aşağı ətraflarındakı dərin venalarda, böyük magistral venalarında tromb varsa, onlar pulmoner emboliya probleminə namizəddirlər. Amma bu hər xəstədə də olmur. Daha çox yataq rejimində olan xəstələrdə, müalicə almayan xəstələrdə, onkoloji yataq xəstələrində bunun emboliyaya çevrilmək riski daha yüksəkdir.

- Damarlara filtrlərin qoyulması nə məqsəd daşıyır?

- Onların əsas məqsədi odur ki, aşağıdakı tromb ürəyə, ağciyər arteriyalara gedib çıxmasın. Ancaq bunun də indiki mərhələdə taktikası belədir ki, biz filtri qoyuruq, filtr aşağıdakı trombları əritmir. Filtr sadəcə, trombun yuxarıya getməsinə əngəldir. Müalicəyə davam edilir, bir aydan sonra o filtri çıxardırıq ki, bədəndə yad cisim qalmasın. Yəni filtr müvəqqəti qoyulur. Bəzi onkoloji xəstələrdə, ümidsiz və yaşama ehtimalı az olan xəstələrdə ikinci dəfə xəstəni çağırıb filtri çıxartmamaq üçün qalıcı filtr də qoymaq olar.

- Hamilə anaların ölümlərinin səbəblərindən biri də tromblar göstərilir. Hamilə qadında tromb olmasının hansı riskləri var?

- Ümumiyyətlə, hamiləlikdə risklər çoxdur. Bədənə maye yığılır, bəzilərində qan laxtalanmağa meylli olur, hamiləlik zamanı  ayaq venaları şişir. Bunlar ümumiyyətlə, tromba meylilik yaradır. Hamiləlik vaxtı və ya hamiləlikdən sonra, bəzən də təəssüf ki, qeysəriyyə əməliyyatlarından sonra bunun qarşısını almağa cəhd edilməsə, dərin vena trombozu və onun ağırlaşması olaraq ağciyər emboliyasına gətirib çıxara bilir. Ona görə belə xəstələrin mütləq şəkildə doğuşdan və ya qeysəriyyə əməliyyatından öncə profilaktik olaraq ayaqları bağlanmalı, müəyyən qan durulaşdırıcı dərmanların dozasında verilməsi kimi addımlar atılmalıdır.

- Doğuşdan sonra tromblar yaranırmı?

- Doğuşdan sonra, xəstəxana müddətində tromblar əmələ gələ bilər, çünki doğuş sırasında bəzi elementlərin qana qarışması, hormonların ciddi dəyişikliyi buna səbəb ola bilir. Bunun da qarşısını yüngül qan durulaşdırıcı dərmanlarla almaq olar.

- Tromb onkoloji xəstələr üçün nə dərəcədə təhlükəlidir?

- Bir çox onkoloji xəstələr öz-özlüyündə laxtalanmaya meylli qruplar sayılır. Tutaq ki, onkoloji xəstənin öz xəstəliyi nöqteyi-nəzərindən 4-5 ay və ya bir il ömrünün olduğu deyilir. Onun heç olmasa o qədər yaşaması üçün müalicələr aparılır. Biz yataq xəstəsi olan, ayağında dərin vena trombozu əmələ gələn onkoloji xəstənin ağciyər emboliyası olmasını gözləmirik. Onun damarına profilaktiki olaraq fitr qoyuruq ki, ömrü bu problemə görə deyil, onkoloji problemə uyğun davam etsin. Yəni xəstə tromba görə həyatını itirməsin. Filtrin heç bir mənfi təsiri yoxdur, xəstəliyin gedişini nə sürətləndirir, nə də yavaşladır.

 - Bu problemlərlə bağlı nə kimi tövsiyələr verə bilərsiniz? Xəstəliyin qarşısını almaq mümkündürmü?

- Təbii ki, birinci növbədə sağlam insanlar sağlam həyat tərzi sürsünlər. Qadınlar dabanlı ayaqqabılardan lazımı yerdə istifadə etsinlər. Dabanlı ayaqqabı ayağın, pəncənin açılıb-bükülməsinin qarşısını alır və bunlardan daha çox xəstəlik yarana bilər. Uyğun ayaqqabılarla mütəmadi hərəkət müsbət təsir göstərir. Əsas amillərdən biri də maye qəbul eləməkdir. Bir faktor da var ki, hamiləlikdən qorunma dərmanları trombozun əmələ gəlməsinə meyllik yaradır. Bunu da həkim nəzarəti altında qəbul etmək zəruridir. Əməliyyata gedən xəstələr həkim nəzarəti altında olmalı, ayaqlarına venoz corablar geyinməli, xüsusilə onlara qan durulaşdırıcı dərmanlar profilaktik dozada verilməlidir. Bunları etməklə böyük mənada problemlərin qarşısı alınar.

- Venoz corablarını nə zaman geyinmək lazımdır?

- Venoz corabları çox kip və cansıxan bir şeydir. Corabı özbaşına profilaktika məqsədilə geyinmək olmaz. Xüsusi qrup xəstələr onu geyinməlidir. Burada bəzi istisnalar var. Uzun müddət ayaqüstə qalanlar, məsələn, cərrahlar, ya da uzun müddət ayaqüstə qalıb yol gedənlər geyinirlər. Müalicə məqsədilə sadəcə, fleboloqların göstərişi əsasında venoz çatışmazlığı olanların hamısı yox, yalnız bir qismi geyinməlidir.

- Qidalanmanın xəstəliyin yaranmasına təsiri varmı?

- Yox, sadəcə, mayesiz qalan, gündəlik normal maye qəbul etməyən insanlarda laxta əmələ gəlməsi ehtimalı yüksəkdir. Bütün günü ayaqüstə qalıb, su içməyənlərin bu xəstəliyə tutulma ehtimalı daha çoxdur.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR