BLOQ

COVID-in müalicəsi: Antibiotiklər, "Aspirin", "Deksametazon" və başqa dərmanlar haqqında

date 16 Dekabr 2020

COVID-in müalicəsi: Antibiotiklər, "Aspirin", "Deksametazon" və başqa dərmanlar haqqında

Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalar zamanı effektivdirlər. COVİD-19 xəstəliyi virus xəstəliyi olduğu üçün antibiotiklərin heç bir müalicəvi effektiv təsiri yoxdur, profilaktik məqsədlə tətbiqi yolverilməzdir!

Əksər hallarda həkimlər antibiotiki hospitalizə olunmuş xəstələrə ikincili bakterial infeksiyanın profilaktikası məqsədilə təyin edirlər ki, bu da xəstəliyin gedişini pisləşdirə və ağırlaşdıra bilir.

Bütün dünya alimləri COVİD-19-un müalicəsi üçün dərman axtarışı üzərində əmək sərf edirlər. İnfeksiyanın ağır gedişi zamanı dəstəkləyici terapiya- optimal maddə kimi oksigenoterapiya, eyni zamanda tənəffüs funksiyasının intensiv dəstəyidir.

Deksametazon, metipred kortikosteroid maddə olmaqla tətbiqi yalnız ağır gedişli xəstələrin reanimasiya şəraitində süni tənəffüs aparatında qalma müddətini azaltmaqdadır!

ÜST-nın tədqiqatlarının nəticələri kimi remdesevir (FDA təsdiqi alsa da effektivliyi mübahisəlidir), hidroksixloroxin, lopinavir/ ritonavir və interferonların tətbiqi stasionar müalicə üçün hospitəlizə olunmuş xəstələrdə COVİD-19 zamanı 28 günlük ölüm göstəricisinə çox zəif təsir göstərir və ya effektiv deyildir.

ÜST antibiotiklərlə özbaşına müalicəni, COVİD-in profilaktikası və ya əlamətlərinin aradan qaldırmaq məqsədilə tətbiqini tövsiyə etmir!

Favipiravir bu gün əlimizdə olan virusa qarşı birbaşa effektiv maddədir (ona da münasibət birmənalı deyil). Bu dərmanın xəstəliyin ilk günlərindən istifadəsi daha uyğundur. Virus ilk 3-5 gün ərzində replikasiya-özünü çoxaltmaya keçir, dərmanın da təsiri virusun replikasiyasının qarşısını alır. Dərmanın istifadəsi zamanı mühüm olanı qaraciyərə mənfi təsirinin ola biləcəyidir. Bunun üçün öncədən qaraciyər sınaqlarını təyin etmək lazımdır. Dərman 5 gün istifadə olunduğu üçün sonda yenidən nəzarət üçün təkrari analizlər verilməlidir.

Aspirin haqda da qeyd etmək istəyirəm. Çünki koronavirusun ən önəmli problemlərindən biri infeksiya fonunda yaranan tromblardır, damardaxili iltihab nəticəsində damarın iç qatı adlanan- endotel zədələnir. Tromb harda əmələ gəlirsə həmin sahənin patologiyası: ağciyərdə- ağciyər arteriyası trombemboliyası (COVİD-19-dan ölüm səbəblərinin başında pulmonar emboliya durur), dərin ayaq damarlarında, beyin və ürək damarlarında endotelit yaradaraq insult, infarkta gətirib çıxarır.

Bu səbəbdən aspirin geniş istifadə olunaraq ön plana keçibr. ABŞ-da aparılan retrospektiv tədqiqatlara əsasən, aspirin istifadə edən xəstələrdə stasionara yatış daha az, reanimasiyaya düşmək ehtimalı, süni tənəffüs aparatına birləşmək ehtimalı daha az və ölüm nəticəsi ciddi anlamda 40% aşağı olub.

Bu dərman yalnız xəstəliyin gedişinə təsir göstərir, korokarovirusdan qorumur, yəni aspirini içməklə COVİD-19-a tutulmamaq kimi bir anlayış yoxdur! Lakin tutulduqda aspirin istifadəsi xəstəliyin gedişini yüngülləşdirmiş olur.

Bütün dərmanların orqanizmə mənfi təsiri vardır. Aspirinin də əlavə təsiri mədə-bağırsaq qanaxmaları yaratmasıdır.

Burada ən mühüm olması aspirinin kiçik dozasıdır. 100 mq aspirin istifadəsi zamanı əlavə təsirləri dərhal yaranmadığı üçün xəstəliyin başlanğıcında aspirin istifadəsində fayda var.

Qandurulducu iynələr -heparin, kleksan kimi tanınan iynələrin ev şəraitində istifadəsi riskli olduğu üçün, həkimlə məsləhətləşmək mütləq lazımdır. 50 yaşdan yuxarı xəstələrdə istifadəsində xeyir olsa da, həkim təyinatı olmadan istifadəsi riskli ola bilər.

 

Kəmalə Ağayeva - həkim-terapevt, tibb üzrə fəlsəfə doktoru, TƏBİB-in Stasionar xidmətin təşkili şöbəsinin müdiri

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR