BLOQ

COVID-19: qorxmayaq-qorunaq!

date 13 Aprel 2020

COVID-19: qorxmayaq-qorunaq!

Hazırda pandemiya dövrünü yaşadığımız COVİD-19 virusu böyük koronaviruslar ailəsinin bir nümayəndəsidir. Bu ailə öz adını nümayəndələrinin kapsidi üzərində “tac” şəkilli çıxıntıdan alır. Bu ailə, uzun müddətdir ki, tanınır və ayrı-ayrı fərdləri insanlarda və heyvanlarda tənəffüs yollarının infeksiyalarına yol açmaqdadır. Son bir neçə ayda məşhurlaşmış COVİD-19 ştammı daha əvvəl yalnız heyvanlar aləmində xəstəliklərə səbəb olsa da, mutasiyaya uğrayaraq insan populyasiyasına nüfuz etmişdir.

Virusun səbəb olduğu kliniki əlamətlər digər virusların törətdiyi yuxarı tənəffüs yolları infeksiyalarından fərqli deyil və əsasən yüksələn bədən hərarəti, öskürək, burun tənəffüsü pozulması, burundan axıntı, iybilmənin pozulması, halsızlıq və iştahsızlıq kimi şikayətlərlə təzahür edir. Buna paralel olaraq bütün respirator infeksiyalarda olduğu kimi nazofaringit, laringit, bronxit, pnevmoniya və s. kimi fəsadlar inkişaf edə bilər. COVİD-19-un digər törədicilərdən fərqi vahid müalicə protokollarının və vaksinin olmamasındadır.

Pandemiya vəziyyətindən irəli gələrək bəhs edilən şikayətlərlə müraciət edən pasiyentlərə müvafiq test icra olunur və COVİD-19 aşkarlanarsa izolyasiya tələb edilir. İzolyasiya tələbi bu virus ştammının yüksək kontagioz (yoluxucu) olmasından irəli gəlir. Əlavə olaraq virus infeksiyalarının ortaq xüsusiyyətlərindən biri də orqanizmin müqavimət (immun) sistemini zədələməsidir ki, bu dəyişiklik laborator analizlər vasitəsilə təsbit edilir.

Hazırda pandemiya fəsadlarla seyr edilsə də, onların rastlanma tezliyi ortalama olaraq bütün respirator virus infeksiyalarında olduğu kimidir. Adətən, həyati təhlükəli durumlar uzun müddət xroniki patologiyalardan əziyyət çəkən, daxili orqan və sistemlərdə çatışmazlığı olan yaşlı insanlarda müşahidə olunur. Məhz bu səbəbdən 65 yaş və üzərində olan əhali qrupunun bu dövrdə kontaktlarını azaltmaq tələb olunur.

Beynəlxalq tibbi qurumlar tərəfindən qəbul olunmuş vahid müalicə sxemləri olmasa da, virus əleyhinə preparatlar, immunosupressorlar, antibiotiklər (fəsadları önləmək üçün) və simptomatik preparatlardan geniş istifadə olunur. Bu anlamda əldə olunan uğurlar olduqca yüksəkdir. İnfeksiyanın ən effektiv profilaktikası-fərdi və sosial gigiyena qaydalarına əməl etməkdir. Lakin, əsas məqsəd xəstəliyin yayılmasını önləməkdir ki, bu da izolyasiya tədbirləri ilə əldə oluna bilər. Evdə qalmağınız-can qurtarır!

Elnur Əkbərov-Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim

Xüsusi olaraq e-tibb.az üçün

 

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR