XƏBƏR

COVİD-19-la mübarizədə nələri öyrəndik?-Azərbaycanlı həkimin TƏHLİLİ

date 7 İyun 2020

COVİD-19-la mübarizədə nələri öyrəndik?-Azərbaycanlı həkimin TƏHLİLİ

Koronavirusla mübarizədə ən vacib məqamlardan biri də düzgün və vaxtında qoyulan diaqnozdur. Pandemiya dövründə dünyanın bir çox mütəxəssisləri xəstəliyə yoluxan şəxslərin radioloji-rentgen, kompüter tomoqrafiya müayinələrinin də vacibliyini vurğulayırlar. Hesab olunur ki, radioloji müayinələr də xəstəliklə mübarizədə mühüm əhəmiyyət kəsb edir. Artıq bir çox ölkələrdən olan mütəxəssislər bununla bağlı qazandıqları təcrübələri vaxtaşırı açıqlayır, həm həmkarları, həm də ictimaiyyətlə bölüşürlər.

E-tibb.az Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının radioloqu, dosent Məlahət Sultanovanın bununla bağlı növbəti məqaləsini təqdim edir: 

İki aydan artıq bir müddətdir ki, COVİD-19 pnevmoniyasının radioloji müayinələrini aparırıq. Pasientlərimiz sırasında hamilələr, uşaqlar, travmalı xəstələr, hətta appendisit diaqnozu ilə əməliyyata alınanlar olub. İstər diaqnostik, istər proqnostik baxımdan düzgün dəyərləndirmə vacibdir. Hər nə qədər bu xəstəliyin standart radioloji kriteriyaları olsa da, atipik görüntülərlə, fərqli dinamikalarla da rastlaşdıq (bir müddət öncə COVİD-19 pnevmoniyasının radioloji dinamik görüntülərini sizlərlə bölüşmüşdüm). Öz müşahidələrimizin elmi-statistik təhlilini apardım və faydası olacaq deyə bəzi nəticələri bölüşürəm:
1. Zənnimcə, bu istiqamətdə ən təzadlı məqam bəzi hallarda kliniki və radioloji görüntülərin uyğunsuzluğu oldu (kliniki simptomatikanın zəif olduğu ifadəli radioloji görüntülər, tam asimptomatik xəstədə tipik görüntü ilə yanaşı ağciyər parenximasında izlənilən konsolidasiya və s.).
2. Müşahidələrimizin statistik təhlili göstərdi ki, qadınlarda bu xəstəliyə yoluxma və ağırlıq dərəcəsi kişilərə nisbətən daha yüksək hədlərdə olur-55 faiz üstünlüklə (statistik təhlil dar çərçivədə aparılıb)

3. Pasientlərin 80 faizə qədərinin yaş həddi 60 və daha yuxarı olan şəxslərdir
“Həmişə olub də pnevmoniya, fərqi nədir ki”, sualının radiodiaqnostik aspektdə cavabı budur:
-Bakterial pnevmoniyalardan fəqrli olaraq COVİD pnevmoniyalarında proses daha cox hər iki ağciyəri zədələməklə bilateral xarakter daşıyır, aşağı paylarda daha çok lokallaşır, plevral maye və kavitasiyalara (boşluqlara) daha az rast gəlinir. Ayrıca, COVİD-19 pnevmoniyasında divar aralığında böyümüş limfa düyünlərinə nadir hallarda rast gəlinir.
4. Nəhayət, ən çox rastladığımız sual: COVİD-19 pnevmoniyasından sağalan xəstələrdə ağciyərdə qalıq əlamətləri olurmu?
-Pandemiyanın başlanmasından hələ az bir müddət keçməsinə görə qalıq əlamətlərin formalaşmasına dair praktiki nəticələrə əsaslanan fikir söyləmək tezdir. Xəstəlikdən yalnız 1 il sonra çəkilmiş Kompüter Tomoqrafiya filmlərində qalıq əlamətləri haqqında fikir söyləmək olar.
-Bəzi tədqiqatlarda koronavirus pnevmoniyasından sonra ağciyərlərdə fibroz ola biləcəyi söylənilir.
Ya da, pnevmosklerozun qala biləcəyi deyilir ki, bu da gələcəkdə sağlamlığımız üçün əngəl törətməyəcək.
Pandemiya tarixi yaşayırıq. Qorunaq, qoruyaq və bu günləri az itki ilə geridə qoyaq...

 

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR