XƏBƏR

Cərrah: “Qida borusu patologiyaları ilə bağlı yanlış fikirlər mövcuddur”

date 13 Noyabr 2019

Cərrah: “Qida borusu patologiyaları ilə bağlı yanlış fikirlər mövcuddur”

Bu gün geniş yayılan patologiyalar içərisində yemək borusu xəstəlikləri xüsusi yer tutur.

e-tibb.az-ın xəbərinə görə, bunu Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasının torakal cərrahı, tibb üzrə fəlsəfə doktoru Arif Ağayev deyib.

Onun sözlərinə görə, döş qəfəsi cərrahiyyəsinə aid olan bu xəstəliklərin bəzən müxtəlif mütəxəssislər tərəfindən xaotik müalicəsi mövzunu bir qədər də aktuallaşdırır.

Mütəxəssis təəssüf bildirib ki, bu barədə yemək borusu patologiyaları ilə bağlı cəmiyyətdə birtərəfli, yanlış fikirlər mövcuddur: “Yemək borusunun mürəkkəb orqan olması xüsusilə qabardılır, yemək borusu xəstəliklərindən əziyyət çəkənlərə xaricdə müalicə olunmaq məsləhət görülür. Və yaxud da ağırlaşan xəstələrə “şansınız yoxdur”, deyilir. Amma unutmamalıyıq ki, istənilən xəstənin şansı həmişə var”.

Tədris Cərrahiyyə Klinikasında döş qəfəsi cərrahiyyəsi üzrə ixtisaslaşmış bir mərkəzin fəaliyyət göstərdiyini vurğulayan A.Ağayevin sözlərinə görə, son 4 ildə mərkəzə yemək borusu patologiyası ilə təxminən 100 xəstə müraciət edib. Ümumilikdə ilə 25-30, aya 3-5 patologiya düşür. Son 6 ayda isə müraciət edənlərin sayı xeyli çoxalıb: “Müraciətlərin böyük qismi yemək borusunda xoşxassəli, bədxassəli və yaxud digər törəmələrlə bağlıdır. Ən çox üstünlük təşkil edən yemək borusunun bədxassəli törəmələridir, ümumi problemin haradasa 40 faizini əhatə edir. Biz də onları daha müasir cərrahi üsullarla müalicə edirik. Azərbaycanda bu cür əməliyyatlar yalnız bir neçə müəssisədə, o cümlədən Tədris Cərrahiyyə Klinikasında uğurla icra olunur. Nəticələrimiz də dünyanın öncül klinikaları səviyyəsindədir. Demək olar ki, klinikamızda yemək borusu patologiyasından ölüm halları baş verməyib. Təbii ki, əməliyyat sonrası fəsadlar olur, amma vaxtında göstərilən peşəkar müdaxilə sayəsində aradan qaldırılır”.

A.Ağayev “yemək borusu xəstəliklərinin müalicəsi çox çətindir” düşüncəsinin artıq köhnəldiyini, problemlərin stend taxmalar, bərpa əməliyyatları, invaziv üsullarla həll olunduğunu deyib. Onun sözlərinə görə, artıq yemək borusu xəstəliklərinin cərrahi yolla müalicəsi üçün xaricə üz tutmağa ehtiyac yoxdur.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR