XƏBƏR

Bu yerlərdə maska taxmaq məcburi olacaq

date 29 May 2020

Bu yerlərdə maska taxmaq məcburi olacaq

Azərbaycan Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərar qəbul edib.

e-tibb.az xəbər verir ki, qərara əsasən, ictimai nəqliyyatda (avtobus, taksi, metro, qatar), dayanacaqlarda, bazarlarda, qapalı ictimai iaşə müəssisələrində və s. yerlərdə maskadan istifadə məcburi olacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, ictimai-iaşə müəssisələrində, qapalı yerlərdə, ictimai nəqliyyatda tənəffüs üzvlərini qoruyan maskalardan istifadə, sosial məsafənin qorunması məcburidir.

Qeyd olunub ki, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, qapalı yerlərdə karantin rejiminə nəzarət, maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq.

İ. Məmmədov deyib ki, yumşalmalar olduqca tələblər də sərtləşəcək: “Cərimələrin məbləği hələ tam dəqiqləşməyib, bununla bağlı layihə hazırda Milli Məclisdədir".  

Maskalardan istifadəyə dair qərarı təqdim edirik: 

Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

- bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

- açıq sahəli ofislərdə və istehsalat yerlərində;

-  tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

- ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

- insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

Bu qərardakı tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR