BLOQ

Bu tədbirlər xəstəliyin qarşısını almaq, fəsadları minimallaşdırmaq məqsədi güdür...

date 9 Mart 2020

Bu tədbirlər xəstəliyin qarşısını almaq, fəsadları minimallaşdırmaq məqsədi güdür...

Son bir neçə ayda geniş yayılmış respirator infeksiyalarla əlaqədar Dünya Sağlamlıq Təşkilatı tərəfindən əhalinin davranışlarını tənzimləyən tövsiyyələr dərc edilib. Tövsiyələr, xüsusilə COVİD-19 geniş yayılmış ölkələrdə olduqca böyük əhəmiyyət daşımaqla bərabər, digər respirator xəstəliklərin profilaktikası baxımından mühim rol oynayır. Tədbirlər bir neçə aspekti əhatə edir: Əllərin gigiyenası, tənəffüs etiketi, fərdi mühafizə qaydaları, qida məhsullarının təhlükəsizliyi və sosial məsuliyyət qaydaları.

Bəhs edilən tədbirləri aşağıdakı kimi ümumiləşdirmək olar:

Əllərin gigiyenası. Əllər aşkar şəkildə çirkləndiyi halda axar su altında sabunla yuyulmalıdır. Əks halda, spirtli, antiseptik, birdəfəlik dəsmallarla silinməlidir. Əllər xüsusilə, asqırdıqdan və öskürdükdən sonra, xəstələrə qulluq zamanı, qida hazırlığından öncə və sonra, yeməkdən öncə, tualetdən sonra, heyvanlar və onların məhsulları ilə təmas sonrası yuyulmalıdır.

Tənəffüs (respirator) etiketi, asqırma və öskürmə zamanı ağız və burunun salfetlə və ya qol büküşü ilə bağlanması vasitəsilə virus və mikrobların yayılmasını əngəlləmək məqsədi güdür. İstifadə olunmuş salfet dərhal ağzı qapanan zibil qutusuna atılmalıdır.

Fərdi mühafizə qaydaları, insan sıxlığı mövcud məkanlardan (konsert məkanları, kütləvi idman məşğələləri, alış-veriş mərkəzləri və s) mümkün olduğu qədər uzaq olmaq, xüsusilə yüksək bədən hərarəti, öskürək və asqırması olan insanlardan ən az 1 metr aralı olmaq, antiseptiklə işlənməmiş əllərlə ağız və gözlərə toxunmamaq kimi tədbirləri ehtiva edir.

Qida məhsullarının təhlükəsizliyi, xəstə və xəstəlikdən ölmüş heyvan ətinin istifadəsindən qaçınmaq, məhsulların qapalı saxlanılması və son istifadə tarixinə əməl olunması yolları ilə həyata keçirilir. Qida məhsullarının hazırlanması zamanı düzgün termiki emalına diqqət yetirilməlidir.

Sosial məsuliyyət, respirator infeksiya əlamətləri (yüksələn bədən hərarəti, asqırma, öskürək, ümumi halsızlıq və s) olduğu zaman qoruyucu, tibbi maskalardan istifadə etməklə bərabər mütəxəssisə müraciət etməkdir. Maskalar gün ərzində bir neçə dəfə (2 saatdan bir) dəyişdirməklə istifadə olunur. İşlənmiş maskalar zibil qutusuna atılır.

Sadalanan tədbirlər, respirator xəstəliklərin yayılmasının qarşısını almaqla bərabər ola biləcək fəsadları minimallaşdırmaq məqsədi güdür.

 

Elnur Əkbərov-Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim

Xüsusi olaraq e-tibb.az üçün

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR