XƏBƏR

Bu onurğa problemi ağrısız ən ağır mərhələyə çatır - Həkimdən ÇAĞIRIŞ

date 24 Sentyabr 2019

Bu onurğa problemi ağrısız ən ağır mərhələyə çatır - Həkimdən ÇAĞIRIŞ

“İnkişaf dövründə bükülmüş əzələ sıxılaraq inkişafdan qalır, dar hissə gərilərək bərkiyir. Beləliklə, inkişaf edən bədəndə əzələ patologiyasından sonralar sümük deformasiyası yaranır. Dünya onurğa əyilməsinə əzələ xəstəliyi, biz isə sümük  xəstəliyi deyirik. Əvvəli əzələ patologiyasından başlayan tarazlığın pozulması sonda əlilliyə aparır”.

Bunu e-tibb.az-a Oksford Elmlər Akademiyasının fəxri professoru, vertebroloq İradə Hacıyeva deyib. O, onurğa xəstəliyinin geniş yayıldığı yerlər barədə məlumat verib:

“2015-ci ildən bu günə qədər 8000 uşağın üzərində apardığım təcrübə, 10 il ərzində  müşahidələrim nəticəsində onurğa xəstəliklərinin ən çox yayıldığı yerləri müəyyənləşdirmişik. Müşahidələri Bakıda 45 məktəbdə, regionlarda və internat məktəblərində aparmışıq. Bu xəstəliklər üzrə say azlığı internat məktəblərinin üzərinə düşür. İkinci yerdə rayon məktəbləridir. Onurğa xəstəliklərinə ən çox şəhər məktəblərinin şagirdləri arasında rast gəlinib. Əgər uşaq məktəbə 1 və 2-ci dərəcəli əyriliklə gedirsə, bunu nə valideyn, nə də müəllim görür. Yuxarı siniflərdə 3 və 4-cü dərəcə əyriliklə həkimə müraciət edirlər. Bu xəstəliyin ən incə xüsusiyyəti odur ki, ağrı vermədən 4-cü dərəcəyə çatır. Bu isə gecikmiş hesab olunur. Fiziki cəhətdən sağlam uşaq çanta yükünə, parta quruluşuna tab gətirməlidir. Çanta ağırlığı uşaqlarda çəkinin onda biri qədər olur”.

İ.Hacıyeva bildirib ki, onurğa əyriliyi geniş yayılsa da, problemlə bağlı əməliyyat sayı azdır. Uşaqlarda 80-90 dərəcə əyrilik olsa belə, 2-3 mərhələdə həyata keçirilən əməliyyatların statistik sayı azdır. Onun sözlərinə görə, bu həm maddiyyatla bağlıdır, həm də əməliyyatın fəsadlarının olmasından irəli gəlir: “Halbuki, 40 dərəcə əyrilikdə artıq əməliyyat olunmalıdır. Son 10 ildə cəmi 3 əməliyyatın şahidi olmuşam. Minlərlə uşaq korsetdən istifadə edir, aşırı dərəcədə əyriliklə yaşayır”.

Vertebroloq qeyd edib ki, hamiləliyin 8-9-cu ayından başlayaraq xəstəliyin profilaktikasına başlamalıdır. Onun sözlərinə görə, birinci müayinə uşağın 6 ayında, ikinci müayinə 3-4 yaşında olmalıdır. Üçüncü vertebroloq müayinəsi isə məktəb yaşlarında həyata keçirilməlidir. Əyilmə risk yaşları isə qızlarda 11, oğlanlarda 12 yaşdır. Kəskin respirator xəstəliklərlə tez-tez xəstələnənlər, əyri boyun, yastı ayaq, sinə batıqlığı, döş qəfəsi deformasiyası, bud çıxığı, mədə-bağırsaq  pozğunluğu olan, nevroloji xəstəlikləri olan uşaqlar onurğa əyriliyi xəstəliklərinin risk qrupuna aiddir.

Həkim qeyd edib ki, uşaq serebral iflicinə Azərbaycanda çox rast gəlinsə də, bizdə bu xəstələrdə onurğa əyriliyi çox az görülür. İflic xəstəsi olan 3 qız uşağından, 5 oğlandan biri həm də onurğa əyilməsindən əziyyət çəkir.

e-tibb.az

  

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR