BLOQ

Boğaz əti hansı hallarda əməliyyat edilir?

date 7 Yanvar 2019

Boğaz əti hansı hallarda əməliyyat edilir?

Damaq badamcıqları əsnəyimizin yan divarlarda yerləşən limfa toxumalarıdır. Bu toxumaların iltihabi xəstəliklərinə tonzillit deyilir. Tonzillitin kəskin və xroniki formaları var.

Kəskin tonzillitin simptomları:

- Boğaz ağrısı

- Bədən temperaturunun yüksəlməsi

- Tərləmə

- Titrəmə

- Baş ağrısı

- Oynaq ağrıları

- Boğazda qızarıqlıq

Xroniki tonzillitin əsas simtomları:

- Boğazda ağrı hissi

- Ağızdan pis qoxu gəlməsi

- Dövri olaraq kazeoz tıxacların əmələ gəlməsi və ya irinin badamcıqlardan ifraz olunması

- Quru öskürək, ümumi zəiflik, tez yorulma

- Bəzən hərarətin uzun müddət yüksək olması

Xroniki tonzillitin iki forması var:

1. Kompensasiya: xroniki iltihabın yalnız yerli əlamətləri müşahidə edilir. Orqanizmin reaktivliyi, baryer funksiyaları o həddədir ki, yerli iltihabı kompensasiya edə bilir, buna görə də orqanizmin ümumi reaksiyası qeyd edilmir.

2. Dekompensasiya: xroniki iltihabın yerli əlamətləri ilə yanaşı, anginalar, paratonzillit, paratonzilyar abses və digər orqan və sistemlərin xəstəlikləri müşahidə edilir.

Tonzillitin ağırlaşmaları

Ağırlaşma, xəstəlik üzünmüddətli olduqda və lazımi müalicə aparılmadıqda baş verir. Badamçıqlar infeksiya ilə mübarizə apara bilmədikdə proses badamcıqətrafı toxumaya keçib paratonzilyar abses, aşağı tənəffüs yollarına keçdikdə faringit və bronxit əmələ gətirir. Xroniki tonzillitin dekompensasiya formasında daxili orqanlarda bu kimi dəyişikliklər baş verə bilər: revmatizm, qazanılma ürək qüsurları, miokardit, endokarditlər, ağciyər xəstəliklərinin kəskinləşməsi, immunitetin əhəmiyyətli dərəcədə zəifləməsi və s.

Müalicə

Xroniki tonzillitin müalicəsində aşağıdakı üsullardan istifadə edilir:

- Dərman terapiyası: xəstəliyin müalicəsində antibiotiklərdən, antihistamin preparatlardan, vitaminlərdən istifadə olunur;

- Antiseptik, bakterisid və göbələk əleyhinə maddələrlə əsnək badamcıqlarının həkim tərəfindən yuyulması və ya xəstənin bu maddələrlə qarqara etməsi;

- Fizioterapevtik müalicə üsulları, o cümlədən ultrabənövşəyi şüalarla terapiya, elektroforez, ultrasəs fonoforezi müsbət nəticələr almağa imkan verir;

- Pəhriz: xəstəlik dövrü qıcıqlandırıcı (istiotlu, həddən artıq turş və şirin), çox isti və ya soyuq qida məhsulları qəbulu qadağan olunur;

Konservativ müalicə kömək etmədikdə tonzilloektomiya əməliyyatı məsləhət görülür.

Hansı vəziyyətlərdə tonzillektomiya (boğaz əti) icra edilir?

Tonzillektomiya əməliyyatını təyin etmək üçün həkim ciddi göstərişlərə əsaslanır. Valideynlər uşağının immun sisteminin zəifləməsini əsas gətirərək, cərrahi müdaxiləyə görə narahat olurlar. Damaq badamcıqları boğazda əsas təhlükəsizlik qapısı rolunu oynayır və immunitetin yaranmasında iştirak edir. Lakin nəzərə almaq lazımdır ki, damaq badamcıqlarının xroniki vəziyyəti bu işi yerinə yetirməyə artıq qadir olmur və bədəndə infeksiya mənbəyinə çevrilir. Hələlik tonzillektomiyadan sonra immunitetin zəifləməsini təsdiq edən heç bir dəlil yoxdur. Ola bilsin ki, bu funksiyasını öz üzərinə boğazın selikli qişasına səpələnmiş digər badamcıqlar və limfa toxumaları götürür.

Bir qayda olaraq, damaq badamcığı çıxarıldıqdan sonra xroniki infeksiya ocağı aradan qaldırıldığı üçün uşaq iltihabi xəstəliklərlə daha az-az xəstələnir. Ümumiyyətlə, badamcıq olmadığı üçün onunla bağlı hər hansı problem, ağrı, xəstəlik də olmur. Məsələn, uşaq heç vaxt angina olmayacaq. Amma faringit ola bilər.

Əməliyyata mane olacaq hər hansı ciddi sağlıq problemi olmayan yetkinlərdə də badamcıq əməliyyatı icra edilir.

- Aşağı yaş həddi məcburi hallar xaricində 3-4 yaş olaraq təyin edilib.

- Yuxarı yaş həddi isə fərqli ola bilər.

Böyük tonzillər (hipertrofiya 3 dərəcə)

Tənəffüs, udqunma və danışığa təsir edəcək qədər böyük tonzillərdə əməliyyat məsləhət görülür. Hava yolunda darlığa səbəb olan tonzillər eyni böyümüş adenoidler (burun əti) kimi, xoruldama və yuxu apnoesinə səbəb olur. Bu da həyatın sonrakı dövrlərində səhhət problemlərinə səbəb olur.

Paritonzilyar abses

Paritonzilyar abses olarsa, absesi boşaldıb, antibiotik müalicəsi verilir. Sağaldıqdan sonra tonzillektomiya təyin olunur.

Asimmetrik və xoralı şəkildə böyümüş tonzillər

Asimmetrik olaraq böyük görünən və üzərində xorlar olan damaq badamcıqlarında tonzillektomiya icra edilə bilər. Əsas səbəb kimi onkoloji faktor götürülür.

Tonzillektomiya əməliyyatı həm yerli, həm ümumi anesteziya altında aparıla bilər. Xəstələr əməliyyat gününün sonuna qədər müşahidə altında saxlanılır, daha sonra evə yazılır. Əməliyyatdan sonra xüsusi pəhriz təyin olunur (yumşaq və həlim qidalar).

Cəlal İmaməliyev - LOR cərrah