XƏBƏR

Bakıda unikal əməliyyat: 5 yaşlı uşağa eyni vaxtda həm qaraciyər köçürülb, həm də ürək qüsuru aradan qaldırılıb

date 5 Dekabr 2019

Bakıda unikal əməliyyat: 5 yaşlı uşağa eyni vaxtda həm qaraciyər köçürülb, həm də ürək qüsuru aradan qaldırılıb

Bakıda dünyada ilk dəfə olaraq 5 yaşlı uşaq üzərində eyni vaxtda döyünən ürəkdə aorto-koronar şuntlama və qaraciyər transplantasiyası mürəkkəb əməliyyatları birgə icra olunub. Unikal əməliyyat icra olunub.

e-tibb.az-ın xəbərinə görə, unikal cərrahiyyə əməliyyatı Mərkəzi Gömrük Hospitalında baş tutub.

Mərkəzi Gömrük Hospitalının açıqladığı məlumatda bildirilir ki, unikal əməliyyat Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Transplantologiya şöbəsinin rəisi, cərrah-transplantoloq Mircəlal Kazıminin rəhbərliyi ilə həyata keçirilib.

Əvvəlcə Türkiyənin Hacettepe Universitetinin Xəstəxanasında Uşaq Xəstəlikləri və Metabolizm şöbəsinin mütəxəssisləri tərəfindən beş yaşlı xəstədə aşkarlanmış anadangəlmə hiperlipidemiya xəstəliyi Mərkəzi Gömrük Hospitalında aparılan tibbi müayinələr zamanı da təsdiqlənib.

Hiperlipidemiya xəstəliyi zamanı qanda lipidlər və lipoproteinlərin anormal dərəcədə yüksəlməsi və xolesterinin aterosklerozun inkişafına əhəmiyyətli dərəcədə təsiri nəticəsində ürək-damar xəstəliklərinin inkişafı üçün təhlükəli bir fon yaranır. Uşaqlarda damar divarlarının zədələnməsi nəticəsində bir sıra orqanların funksiyaları pozulur və ürəyin işemik xəstəliyi inkişaf edir. Adətən, anadangəlmə hiperlipidemiyaya düçar olan uşaqlar ən çox 11-12 il yaşayırlar. Tipik olaraq, belə xəstələr kəskin miokard infarktından vəfat edirlər.

Mərkəzi Gömrük Hospitalında xəstənin ailəsinə yeganə müalicə metodu olaraq, pozulmuş metabolizmi normallaşdıracaq qaraciyər nəqli əməliyyatı təklif edilib. Azyaşlının donoru əmisi olub.

Əməliyyatdan əvvəlki hazırlıq zamanı xəstənin koronar angioqrafiyasının nəticələri ürəyi qanla təmin edən damarların 90% daraldığını göstərib. Bunun isə xəstə üçün hər an, o cümlədən mürəkkəb qaraciyər nəqli əməliyyatı zamanı həyati təhlükə daşıdığı göstərilib. Beləliklə, 5 yaşlı pasiyentdə təcili olaraq başqa bir kompleks əməliyyata ehtiyac duyulub.

Bir əməliyyat zamanı ardıcıl olaraq döynən ürəkdə aorto-koronar şuntlama  və qaraciyər transplantasiyasını həyata keçirmək üçün çətin bir qərar verilib.

Dünyada ilk dəfə olaraq cərrahlar briqadası tərəfindən aorto-koronar şuntlama və donor qaraciyər transplantasiyası mürəkkəb bir əməliyyat uğurla həyata keçirilib. Bildirilir ki, mövcud olan dünya tibbi ədəbiyyatlarında uşaqlar üzərində aparılan bu əməliyyat haqqında heç bir məlumat mövcud deyil.

Hazırda azyaşlı pasiyent qənaətbəxş vəziyyətdə xəstəxanadan evə yazılıb və öz ailəsinə qovuşub.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR