MÜSAHIBƏ

Azərbaycan vətəndaşlarının Təbrizdə tibb təhsili üçün attestat, müalicəsi üçün bir telefon zəngi bəs edir - VİDEO

date 29 Avqust 2019

Azərbaycan vətəndaşlarının Təbrizdə tibb təhsili üçün attestat, müalicəsi üçün bir telefon zəngi bəs edir - VİDEO

Azərbaycan vətəndaşlarının İranda ali təhsil, eləcə də tibb təhsili almaq şərtləri asanlaşdırılıb. Yalnız attestatla qeydiyyatdan keçib ali məktəb tələbəsi olmaq mümkündür.

Bunu e-tibb.az-a İranın, eləcə də dünyanın ən böyük ali məktəblərindən birinin- Təbriz Azad Universitetinin rektoru, doktor Əziz Cavanpur deyib: “Azərbaycan vətəndaşları bizimlə eyni dildə danışdıqları  və rahat şəkildə müəllimlərlə ünsiyyət qurmağı bacardıqları üçün, onların qəbul şərtlərini asanlaşdırmışıq. Sadəcə, gəlib qeydiyyatdan keçməli, hansı ixtisasda oxumaq istədiklərini qeyd etməlidirlər. Yalnız bir şərt var, o da attestatın olmasıdır. Qalan bütün işlər öz öhdəmizdədir. Həm İranın Azərbaycandakı səfirliyi, həm də Azərbaycanın İrandakı səfirliyinə aid olan məsələlər həll olunur. Hətta tələbələri yataqxana ilə təmin edirik”.

Rektor vurğulayıb ki, Təbriz Azad Universiteti  dünyanın ən böyük universitetlərindən biridir və 1 milyondan çox tələbəsi var. İranda, bir çox ölkədə ümumilikdə 400 filialı fəaliyyət göstərir. Özəl universitetlərin içində yaranma tarixinə görə, Təbriz Azad Universiteti birincidir. Əsas korpusu Təbrizdə yerləşən universitetin 12 fakültəsi var, bütün ixtisaslar üzrə mütəxəssis hazırlanır. Universitetin Şərqi Azərbaycan əyalətində 24 filialı fəaliyyət göstərir. Fakültələrin çoxu doktorantura səviyyəsində də təhsil verir. Demək olar ki, bütün ixtisasların doktoranturası var.

Şərqi Azərbaycan əyalətindən universitetdə 53 min tələbə təhsil alır. Tələbələrin 300-ə yaxını isə xarici tələbələrdir. Ən çox xarici tələbə İraqdan, İraqın Kürdüstan bölgəsindən, Türkiyədən, Azərbaycandandır. Pakistandan, Əfqanıstandan olan tələbələr isə artıq məzun olublar.

Xarici tələbələr bütün ixtisaslar üzrə - həm fars dili bölməsində, həm texniki fənlər, mühəndislik, həm də humanitar fənlər üzrə təhsil alırlar. Rektor qeyd edib ki, əsas məqsədlərindən biri xarici tələbələrin sayını daha da artırmaqdır.

Azad İslam Universitetinin öz saytı var. Hansı ölkənin vətəndaşı istəsə, https://fstudent.iau.ir saytında qeydiyyatdan keçə bilər. Sayta daxil olmaqla ixtisaslar, şərtlər haqqında məlumat əldə etmək, qeydiyyatdan keçmək mümkündür: “Qeydiyyatdan keçdikdən sonra, biz onların təhsil almağı üçün imkan yaradacağıq”.

Təbriz Azad Universitetində Azərbaycandan olan tələbələrə hansı şərait yaradılır?

“Çalışırıq ki, Azərbaycanlı qardaşlarımız bir sıra imkanlarımızdan faydalansınlar. Digər iranlı tələbələrə etdiyimiz güzəştləri Azərbaycandan gələnlərə də edə bilərik. Onlar bizim iranlı tələbələr kimi, yataqxanalarımızda da qala bilərlər. Rahat gedib-gəlmələri üçün də köməklik göstərə bilərik. Azərbaycanlılar Təbrizi çox yaxşı tanıyır, Təbrizin necə bir şəhər olduğunu bilirlər. Təbrizə həm dəmir yolu, həm quru yolu, həm də hava yolu ilə gəlmək olar. Bakıdan Təbrizə hava yolu ilə çox rahatlıqla 45 dəqiqəyə, quru yolla 6 saata gəlmək mümkündür. Eyni zamanda, dəmir yolu ilə, şəxsi avtomobillə, avtobusla-hər bir nəqliyyat vasitəsilə gələ bilərlər”, - deyə doktor Əziz Cavanpur bildirib.

Rektor Təbrizin ən böyük xəstəxanalarından biri-Təbriz Azad Universitetinin Xəstəxanası haqda da məlumat verib: "Bizim İmam Səccad adına xəstəxanamız 120 çarpayılıqdır, 5 VİP palatası var. Tibbin bütün sahələri üzrə xəstə qəbul edirik. İranlı xəstə ilə xarici xəstə arasında heç bir fərq yoxdur. Burda qiymətlər eyni, bəzən də aşağı olur. Universitet xəstəxanası olduğu üçün xəstələr daha az ödəniş edirlər”.

Bəs Azərbaycandan olan xəstələr bu xəstəxanaya necə müraciət edə bilər?

Rektor  deyib ki, xəstəxanaya müraciət etmək istəyənlər sayta daxil olmalıdır: “Orada bizim ünvanlarımız, telefon, whatsApp nömrələri ilə tanış ola bilərlər. Bizim bir çox ofislərimiz var. Hətta xəstəni evindən götürüb gətirə, xəstəxanada yerləşdirə, burada qalmaq razılığını ala və hotellə təmin edə bilərik.  Əgər ayrı bir xəstəxanaya göndəriş lazım olsa, bunu da həyata keçirmək mümkündür. Yəni, bunlar çox asan şəkildə icra olunur, heç bir çətinlik yoxdur. İnternet vasitəsilə qeydiyyatdan keçməklə, bizim  ofislərimizə müraciət etməklə, hər şey asanlıqla yoluna qoyulur”.

Əziz Cavanpur universitetdə, universitet xəstəxanasında mütəxəssislərin təkmilləşməsi üçün tez-tez təşkil olunan seminarlar barədə də məlumat verib: “İndiyə kimi İraqla 4 workshop təşkil olunub. Kərkük Universitetlərinin tələbələri də gəlib kurslarda iştirak ediblər. Onlarla çox yaxşı workshoplarımız olub. Diş həkimliyi barədə 1 kurs, tibb bacılığı haqqında isə 3 kurs təşkil olunub. Onların hər bir xərci, xəstəxanalara gedib təcrübə keçməyə kimi, hamısı İmam Səccad xəstəxanası hesabına olub. Bir neçə il əvvəl Azərbaycandan olan mütəxəssislər üçün də seminarlar təşkil edilib. Yenə istəsələr, təşkil edə bilərik. Hətta arzu olunsa, Azərbaycana bununla bağlı mütəxəssislər göndərə bilərik”.

Rektor, Azərbaycan universitetlərindən 3-ü ilə əməkdaşlıq barədə danışıqlarının olduğunu qeyd edib: “Onlarla ortaq elmi əməkdaşlıq, birgə elmi konfransların təşkili, qarşılıqlı olaraq məqalələrin çap olunması mümkündür. Bir neçə ay öncə iki ölkə universitetləri arasında müəyyən danışıqlar olub. Ümid edirik, bu danışıqlar müsbət nəticələnəcək”.

İmam Səccad adına Xəstəxananın qulaq, burun boğaz cərrahı Mahmud Behişti e-tibb.az-a xəstəxananın imkanları, LOR şöbəsi barədə danışıb. Qeyd edib ki, Təbrizin mərkəzi tibb ocağı sayılan xəstəxana, eləcə də onun çalışdığı şöbə bütün müasir avadanlıqlarla təchiz olunub, şöbədə 6 əməliyyat otağı var. Qulaq, burun, boğaz cərrahiyyəsi ilə bağlı istənilən əməliyyatı icra edirlər. Burada bütün estetik, burun əməliyyatları, eləcə də digər plastik, estetik əməliyyatlar edilir: “Tibdə təcrübə mühüm faktordur. Yaxşı müalicə almaq istəyənlər, Təbriz universiteti xəstəxanasını seçirlər”.

Həkim bildirib ki, İranda dərmanlar həm yüksək keyfiyyətlidir, həm də qiymətləri ucuzdur: “Azərbaycanlı qardaşlarımız bilirlər ki, Dubaydan, Türkiyədən və ya Rusiyadan gətirilən ən yaxşı dərmanların qiyməti yuxarı faizlə hesablanır. İranda dərmanın həm keyfiyyəti yuxarıdır, həm qiyməti ucuzdur. Bundan başqa, bizim mütəxəssislərin hamısı ali dərəcəlidir. Yüksə səviyyəli ortoped, ginekoloq, burun-boğaz-qulaq həkimləri, uroloq, onkoloqlarımız, cərrahlarımız, çoxsaylı professor mütəxəssislərimiz var. Məsələn, estetik əməliyyatları götürək, burada 30 ilə yaxındır ki, xüsusi estetik əməliyyatlar həyata keçirilir. Böyük təcrübəsi olan cərrahların bir-biri ilə təcrübələrini bölüşərək çalışmaları çox yaxşı haldır. Bizdə cərrahların təcrübələrini bir-biri ilə bölüşmək imkanı var. Bütün bunlar isə işə, xəstələrimizin nəticələrinə yüksək təsir edir. Əminliklə deyə bilərəm ki, Türkiyənin şərqində, İraqın şimalında, Azərbaycanda, Gürcüstandan ən çox müraciət olunan müalicə məkanı Təbrizdir. Ötən 6 ayda xəstəxana yeni avadanlıqlarla təmin olunub. Bütün avadanlıqlar son texnologiyaya uyğun olaraq hazırlanıb, Avropa və Amerikadan gətirilib. Əziz azərbaycanlı bacı-qardaşlarımız da hər hansı bir əməliyyat, eləcə də estetik əməliyyat etdirmək üçün bizim xəstəxanaya müraciət edə bilər. Əmin edirəm ki, buradan razı gedəcəklər”.

Təbriz Azad Universiteti xəstəxanasının Bakıda ofisi açılıb

İran Səhiyyəsinin Azərbaycanda xəstələrin göndəriş sistemi ofisinin müdiri Əbülfəz Amini isə e-tibb.az-a deyib ki, İmam Səccad adına Xəstəxananın Bakıda ofisi  açılıb: “Təbrizdə müalicə almaq istəyən hər kəsin ofisə bir telefon zəngi kifayətdir. Onlar sadəcə, bizimlə əlaqə saxlamalıdırlar. Evlərinə gedib oradan birbaşa xəstəxanaya apara bilərik. Universitet xəstəxanası yüksək ixtisaslı xəstəxanadır. Xəstəxanada fəaliyyət göstərən həkimlərin əksəriyyəti professorlardır. Bütün sahələrdə kliniki xidmətlər göstərilir, bütün cərrahi əməliyyatlar icra olunur. Xəstələrin, yaxınlarının qalması üçün xəstəxananın hoteli də var”.

O qeyd edib ki, Azərbaycandan gedən şəxslər üçün müayinə və müalicə xərcləri İran vətəndaşları ilə eynidir.

Təbriz Azad İslam Universiteti Tibb fakültəsinin dekanı professor Əsədi e-tibb.az-a fakültə barədə məlumat verərək deyib ki, fakültənin əsas binası  Təbrizdə, Mənzəriyyə küçəsində yerləşir. Fakültənin fiziologiya, embriologiya, anatomiya, eləcə də daxili xəstəliklər, fizioterapiya, pediatriya, cərrahiyyə şöbələri, ixtisaslaşdırılmış fiziologiya, histologiya laboratoriyaları var: “Tələbələrin təhsili üçün yüksək imkanlar mövcuddur. Bütün ixtisaslar üzrə təhsil alan tələbələrimiz xüsusən İmam Səccad adına xəstəxanada, digər klinikalarda, hospitallarda təcrübə keçir, fəaliyyət göstərirlər. Fakültəmizin müəllimləri yüksək ixtisaslı kadrlardır və tibbi biliklər yüksək səviyyədə tədris edirlər. Tələbələr tibbin bütün sahələri üzrə yüksək ali təhsil alırlar. Bu fakültədə təhsil alanların ödəniş haqqı dünya universitetləri ilə müqayisədə çox ucuzdur. Həm universitetimiz, həm də hospitalımız dünya standartlarına cavab verir. Azərbaycan vətəndaşları ilə biz eyni dildə danışırıq, ürəklərimiz birdir, ona görə də burada çox rahat təhsil ala bilərlər. Fakültəmizin qapıları Azərbaycandan gələnlərin üzünə hər zaman açıqdır”.

Əlaqə:

(mob)   +98-914-577-61-55  WP
(mob)   +994-55-597-61-55 WP

Təbriz şəhəri , Ustad Şəhriyar bulvarı, Qolkar küçəsi

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR