XƏBƏR

ATU-da 60 yaşlı qadının boynunda mürəkkəb əməliyyat aparılıb

date 7 May 2019

ATU-da 60 yaşlı qadının boynunda mürəkkəb əməliyyat aparılıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 60 yaşlı qadının boynunda iki müxtəlif səviyyədə yerləşən yırtıq əməliyyat olunub.

E-tibb.az-ın xəbərinə görə, əməliyyat ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov tərəfindən icra olunub.

Həkimin sözlərinə görə, 60 yaşlı xanım neçə müddətdir ki, qol və ayaqların hərəkətində zəiflikdən əziyyət çəkirmiş: “Bu şikayətlərlə müxtəlif həkimlərin qəbulunda olub. Müayinələr zamanı pasiyentin boynunda 2 tərəfdə yırtıqlar aşkarlanıb. Xəstə İranda da həkimə müraciət edib və orada da ona eyni diaqnoz təyin olunub”.

Neyrocərrah deyib ki, bütün müayinələrdən sonra xəstəyə cərrahiyyə əməliyyatı təyin edilib: “Əməliyyatın çətinliyi ondan ibarətdir ki, 3-4-cü boyun fəqərələrarası diski çıxarmaq texniki baxımdan bir qədər çətin prosesdir. Digər tərəfdən, əməliyyatı mürəkkəbləşdirən digər cəhət yırtıqların iki müxtəlif səviyyədə yerləşməsi ilə bağlı idi. Belə ki, bir yırtıq 3-4-cü, digəri isə 5-6-cı fəqərələrə düşüb. Yəni, biz ortada bir sağlam disk saxlamaqla, yırtıqları çıxarmalıydıq”.

Həkim C.İskəndərov bildirir ki, bu mürəkkəb əməliyyat saat yarım davam edib və uğurla nəticələnib.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR