XƏBƏR

8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günüdür

date 8 May 2020

8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günüdür

8 May Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günüdür.

e-tibb.az xəbər verir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü 1828-ci il mayın 8-də anadan olmuş İsveçrə vətəndaşı, humanist ictimai xadim, Nobel sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib və 1953-cü ildən bəri qeyd olunur.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərkibində 183 milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərini, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasını birləşdirir. Beynəlxalq Hərəkatın bütün tərkib hissələri öz fəaliyyətində fundamental prinsipləri - insansevərliyi, qərəzsizliyi, neytrallığı, müstəqilliyi, könüllülüyü, vahidlik və universallığı rəhbər tutur. Anri Düna 1859-cu ildə İtaliyanın Solferino əyalətində Avstriya və Fransa orduları arasında baş vermiş döyüşün şahidi olub və müharibənin dəhşətlərini öz gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər edib. 1863-cü ildə Anri Dünanın təşəbbüsü ilə yaralılara yardım göstərən Beynəlxalq Komitə (gələcək Beynəlxalq Qırmızı Xaç Komitəsi) yaradılıb. Qızıl Xaç Hərəkatı məhz bu cür yaranıb.

1864-cü il avqust ayının 22-də İsveçrədə keçirilən Diplomatik Konfrans zamanı “Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” Konvensiya imzalanıb. Bundan əlavə, Konfransda emblem – ağ fonda qırmızı xaç qəbul olunub. Belə fərqləndirici nişan, qırmızı fonda ağ xaçı əks etdirən İsveçrə dövlətinin bayrağına olan hörmətin əlamətidir. 1876-cı ildə Osmanlı imperiyası rus-türk müharibəsində iştirak edən tibbi işçilərin müdafiəsi üçün Qızıl Aypara emblemini təklif edib. O vaxtdan adı çəkilən emblem ağ fonda qırmızı xaç emblemi ilə yanaşı bərabər hüquqlu nişan kimi qəbul olunub. Hazırda bir sıra ölkələr tərəfindən istifadə edilir.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası dünyada ən böyük humanitar təşkilat kimi insanlara heç bir milli və ya irqi fərq qoymadan, dini mənsubiyyəti və ya siyasi əqidəsindən asılı olmayaraq yardım edir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR